ABŞ Konqresinin yeni sənədi: münaqişələrə ikili münasibətin təsdiqi – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Konqresinin yeni sənədi: münaqişələrə ikili münasibətin təsdiqi – Newtimes.az

15:03 - 18 / 05 / 2017
ABŞ Konqresinin yeni sənədi: münaqişələrə ikili münasibətin təsdiqi – Newtimes.az

KİV Amerika Konqresinin 2017-ci il üçün büdcə sənədini qəbul etdiyi barədə informasiya yayıb. Həmin sənəddə Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Bunun üçün ABŞ-ın dövlət orqanları qarşısında vəzifələr qoyularaq həmin ölkələrə ayrılacaq dəstək vəsaiti də göstərilib.

Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə zərər verə biləcək hər hansı dövlətə yardım edilməyəcəyi vurğulanıb. Bunlar normal və başadüşüləndir. Lakin həmin sənəddə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün dəstəklənməsinə dair heç nə yoxdur. Avropa və postsovet məkanı ölkələrini "Rusiya aqressiyası"ndan qorumaq üçün 100 milyon dolların ayrılacağı haqqında mücərrəd bir bənd vardır. Ancaq konkret işğalçı olan, təcavüzkar Ermənistana qarşı heç bir müddəa yoxdur. Səbəb nədir? Əgər Rusiya "təcavüzkardırsa", onun regiondakı ən yaxın müttəfiqi, Azərbaycanın 20 faizini işğal etmiş Ermənistan kimdir?

Büdcə sənədi: faktlar və suallar

ABŞ Konqresinin Nümayəndələr Palatası cari il üçün ölkə büdcəsini təsdiq edib. Orada xüsusi xidmət orqanlarının maliyyələşməsi məsələsi də vardır. "Deutsche Welle" nəşrinin yazdığına görə, sənəddə Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün təmini ilə bağlı maddələr də yer alıb. Həmin maddələrə görə, Amerika bu iki ölkənin ərazi bütövlüyünü dəstəkləyir və bunun üçün konkret maliyyə məbləği ayırır.

Vaşinqton Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə xələl gətirən heç bir addımı qəbul etmir. Əksinə, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımış heç bir ölkəyə yardım etməyəcək. Əlavə olaraq, bu regionlara olan Rusiya yardımlarına dəstək verən hər hansı orqan və ya dövlətə Amerika kömək etməyəcək. ABŞ orqanlarına isə belə bir fəaliyyət qəti qadağan edilib (bax: "Территориальная целостность" Украины и Грузии прописана в бюджете США / "Eadaily.com", 5 may 2017).

Bunlarla yanaşı, Krıma da hər hansı yardım qadağan edilir. Onu tanıyan ölkələrə dəstək qadağan olunur. Amerika şirkətlərinin Ukraynanın suverenliyinə zərər verə biləcək addımlar atmadığına nəzarət Maliyyə Nazirliyinə tapşırılıb. Sənəddə bütün bunlar ümumi səviyyədə "Rusiyanın təsiri və aqressiyası"na qarşı durmaq üçün ABŞ-ın ayırdığı 100 milyon dollar çərçivəsində həyata keçirilməlidir. Həmin məbləğ Avropa və postsovet ölkələrində Moskvanın nüfuzunun qarşısını almağa, onun mümkün "aqressiv" davranışlarını əngəlləməyə xərclənməlidir.

Bu məbləğ, əsasən, müxtəlif qeyri-hökumət təşkilatlarına, demokratik institutlara və KİV-in azadlığına sərf edilməlidir. Başqa sözlə, "beşinci kolon" maliyyələşməkdə davam etməlidir. Təcrübə göstərir ki, ümumi ifadələr altında yardımdan söhbət gedirsə, Qərb başlıca olaraq özünə sərf edən hakimiyyətə dəstək verir, lakin müstəqil addımlar atan iqtidarlara qarşı "beşinci kolon"un imkanlarından istifadə edir. Buradan belə bir nəticə alınır ki, əgər yardımın konkret ünvanı (məsələn, Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə dəstək kimi) göstərilməyibsə, ümumi ayrılan vəsaitin müstəqil ölkələrin suverenliyinə dəstək olacağı müəmmalıdır. Burada, əksinə, konkret ölkələrin qarışdırılması məqsədi istisna deyil. Həmin səbəbdən bizi 100 milyon ABŞ dollarının bu aspektdəki xərcləri bir qədər başqa kontekstdə maraqlandırır.

Məsələnin bu tərəfinə keçməzdən öncə, Tbilisinin bu informasiyaya reaksiyasına qısa nəzər salaq. Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze vurğulayıb ki, Amerikanın yeni büdcəsi ərazi bütövlüyünün (Gürcüstanın – Newtimes.az) bərpasına və tanınmama siyasətinə əhəmiyyətli dəstək verəcək. O, sözlərinə davam edərək, deyib: "Bizim problem Amerika Konqresi tərəfindən aktiv surətdə dəstəklənir" (bax: əvvəlki mənbəyə).

Bundan başqa, bir qədər əvvəl 30 senator prezident Donald Trampa xüsusi müraciət etmişdi ki, ABŞ-ın Cənubi Qafqazdakı "etibarlı və mətin" regional tərəfdaşı olan Gürcüstana "ikipartiyalı" dəstək davam etsin, yəni respublikaçılar və demokratlar arasında bu məsələdə fikir ayrılığı olmasın.

2017-ci ilin martında isə Gürcüstanın müdafiə naziri Vladimir Çaçibaya bəyan etmişdi ki, ABŞ-la Gürcüstan arasında müdafiə və təhlükəsizliklə bağlı imzalanan memoranduma əsasən Vaşinqton Tbilisiyə 70 milyon dollar yardım edəcək (bax: əvvəlki mənbəyə). Eynilə Amerikanın Ukraynaya olan hərbi yardımları haqqında informasiyalar mövcuddur.

Bəs Vaşinqton bu cür ciddi dəstəklərin fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nələri düşünür? Yuxarıda vurğuladığımız kimi, Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə olan yardımlar fonunda bizi problemin bu aspekti maraqlandırır. Məhz həmin məqamda bir sıra müəmmalı faktorlar meydana çıxır.

İlk növbədə, onu deyək ki, Konqresin qəbul etdiyi sənəddə Azərbaycanın ərazi bütövlüyünə qəsd edən ölkələrə qarşı hansısa addım atılacağı qeyd olunmayıb. Orada Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına konkret dəstək ifadə edilməyib. Ümumi ifadə altında yuxarıda vurğuladığımız 100 milyonların Azərbaycanla bağlı hansı məqsədlərə istifadə edildiyi isə təcrübədən məlumdur. Onlar əsas olaraq "beşinci kolon"un bəslənməsinə, buradakı siyasi institutları dəstəkləmək adı ilə anti-Azərbaycan iyi gələn işlərə sərf olunur. Həmin işlər sırasında, təəssüf ki, separatçı qüvvələr də vardır.

İkili standartlar: Ermənistan təcavüzkar deyilmi?

Bunun konkret təsdiqi hər il ABŞ Konqresinin müxtəlif ad altında Dağlıq Qarabağdakı qondarma rejimə milyonlarla vəsait ayırmasındadır. Bu, sirr deyil. Rəsmi olaraq həmin pulu sözdə demokratik, humanist və s. məqsədlər üçün ayırdıqlarını deyirlər. Onda bəs abxaz, yaxud osetinlərin belə bir yardıma ehtiyacı yoxdurmu? Və ya Krımdakı sadə insanların eyni yardıma ehtiyacı yoxdurmu? Təbii ki, var. Ancaq Vaşinqtonu Gürcüstan və Ukraynadakı münaqişələr Rusiya təcavüzkarlığı aspektində maraqlandırırsa, Dağlıq Qarabağ erməni təcavüzkarlığını gizli yolla legitimləşdirmək kontekstində maraqlandırır. Fərq bundan ibarətdir və məhz həmin acı həqiqətə görə, sənəddə Azərbaycanın ərazi bütövlüyünü pozan hər hansı qüvvəyə qarşı konkret mövqe ifadə edilmir.

Bunun fonunda Amerika Ermənistana hər il ciddi maliyyə yardımı göstərir. Vaşinqtonu qane etməyən bircə şey var – İrəvan Moskva ilə dostluq edir. Bu gün Ermənistan Rusiyaya arxa çevirib, Amerikaya üstünlük versə, olacaq regionun ən demokratik ölkəsi, etibarlı və mətin müttəfiq, sülhpərvər, suverenlik aşiqi və s.

Onda ümumi mənzərə necə görünür? Amerika Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək ki, bunu da normal hal hesab edirik. Bu dərəcədə qeyri-obyektiv şəkildə isə Ermənistana, erməni separatçılarına yardımlarını davam etdirəcək. Eyni addımları Vaşinqton Yaxın Şərqdə, Suriya və İraqda atır. Orada da "yankilər" bir sıra terror qruplarına silahlar verir, maliyyə, təlim yardımları göstərir və bu cür oyunla regionun bütün dövlətlərini gərginlik içində saxlamağa çalışır.

Təbii ki, vaxt gələcək, Vaşinqton bu cür əsassız siyasətin fəsadlarını görəcək. Ancaq həm günahsız insanların qanı tökülür, həm də müsəlman ölkələrində dövlətçilik zəiflədilir. Güclü dövlət olmayan yerdə isə çoxlu sayda təhlükələr meydana gəlir. O cümlədən qlobal təhlükəsizlik sistemi işləməz hala düşür. Bunu artıq mütəxəssislər vurğulayırlar. Siyasətçilər isə əvvəlki ikili standartlarını inkişaf etdirməyin izinə düşüblər.

Yuxarıdakı faktlardan aydın olur ki, Cənubi Qafqazda münaqişələrin həlli ilə bağlı Amerikanın dəqiq planı, yaxud fəaliyyət kursu yoxdur. Hələlik amerikalıları Rusiyanın Gürcüstan siyasəti düşündürür. Ermənistanın təcavüzkarlığı sənədə belə yazılmır. Belə şərtlər daxilində regionda təhlükəsizliyin və sabitliyin təmini mümkün deyil. Deməli, hələ bir müddət də risklər və təhdidlər mövcud olacaq. Xüsusilə erməni terroru can almaqda davam edəcək. Onun mənfi sonuclarını isə bütün dünya bir daha hiss edəcək. Maraqlıdır ki, bu barədə ABŞ Milli Kəşfiyyat Agentliyinin özü məlumat yayıb.

Bu qurumun başında duran Daniel Kouts Senata təqdim etdiyi məruzədə 2017-ci ildə Dağlıq Qarabağda müharibənin alovlana biləcəyini vurğulayıb. O, səbəb kimi tərəflərin "güzəştdən imtina etməsi"ni göstərib (bax: Глава Нацразведки США: война в Карабахе может начаться в 2017 г. / "Eadaily.com", 12 may 2017).

Deməli, yenə ikili standartlar, yanlış əsaslandırma. Müharibənin alovlanmasının başlıca səbəbi təcavüzkar Ermənistanın cilovlanmaması, ona havadarlıq edilməsi və Azərbaycanın təbii haqlarının real olaraq tanınmaması ilə bağlıdır. Bu müstəvidə Konqresin qəbul etdiyi büdcə sənədi Vaşinqtonun ikili standartlar siyasətinə uyğun olmaqla ədalətdən, haqdan çox uzaqdır!

Newtimes.az

Paylaş:
645

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər