Ədviyyat və tamlı qatqılar alarkən aldanmayın!
Ədviyyatlar və ətirli otlar insan orqanizmində həzmi yaxşılaşdıran, iştahaçan, xörəklərə, şirniyyatlara, mürəbbələrə, içkilərə və digərlərinə dad, ləzzət və xüsusi ətir verən bitki növlərinin müəyyən hissələridir.
Bu məhsullar əsasən iki növə - ədviyyat və ətirli otlara ayrılırlar. Əslində ədviyyatla ətirli otlar arasında o qədər də böyük fərq yoxdur. Ədviyyat ətirli otların, ağac qabıqlarının, meyvələrin və toxumların qurudulmuş halıdır. Ətirli otlar xörəyə ətir verirkən, ədviyyatlar xörəyin ləzzətini artırır.
Ticarət şəbəkəsində realizə olunan və kulinariyada geniş istifadə edilən əsas ədviyyat növləri vanilin, mixək, darçın, quru nanə, toz və dənəvər qara istiot, zəfəran, sumaq, sarıkök, zəncəfil, cirə, razyanadır. Eyni zamanda, xörəklərə dad və ləzzət vermək üçün ətirli otlardan da istifadə edilir. Ətirli otlar təzə və ya quru halda istifadə edilir. Azərbaycanda istifadə olunan əsas ətirli otlar şüyüd, reyhan, tərxun, nanə, cəfəri, keşniş, kəvər, turşəng, kərəviz, kəklikotu, dəfnə yarpağı və s. ibarətdir.
Bitkinin meyvəsindən, çiçəyindən, yarpağından, qabığından, kökündən alınan ədviyyələr də mövcuddur ki, onlar əsasən karton qutularda, döyülmüş və bütöv halda və müxtəlif kütlədə satışa verilir. Bu ədviyyatlardan kulinariyada, qənnadı, konserv, kolbasa, likör və digər yeyinti sənayesində xammal kimi istifadə edilir. Ədviyyatların tərkibində efir yağı, su və s. maddələr olur.
İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, ədviyyatların və tamlı qatqıların istehlak dəyəri onların tərkibində olan efir yağlarının, üzvi turşuların, qlikozidlərin, alkaloidlərin və digər dad və tam verən maddələrin miqdarı ilə müəyyən olunur. Qidaya qatılan ədviyyatlar və tamlı qatqılar onun yaхşı həzm olunmasını və tez mənimsənilməsini təmin edir. Ədviyyatın təbabətdə də əhəmiyyəti çox böyükdür. Onların hər birinin ayrı-ayrılıqda müalicəvi xüsusiyyətləri var və geniş istifadə edilir.
İstehlak bazarında, həmçinin tamlı qatqılar və ədviyyat qarışıqları da realizə olunur ki, onların da əksəriyyəti müxtəlif bitkilərdən müvafiq emal üsulları tətbiq olunmaqla alınır. Bu məhsullardan olan xörək duzu, yeyinti turşuları, souslar və pastalar, ətirli bitkilər və meyvə-giləmeyvələrdən alınan tamlı qatmaları alarkən onların qablaşdırılmasına, markalanmasına diqqət etmək vacibdir.
Ədviyyatlar ticarət şəbəkəsində realizə olunmaq üçün əsasən xalis çəkisi 100 qramadək olmaqla qablaşdırılır. Qablaşdırma materialı əsasən daxildən perqament və ya podperqament olmaqla kağız və kartondan ibarət olur. Bundan əlavə müvafiq qurumlardan icazə ilə ədviyyatlar sellofan, plastmas, polimer və şüşə qablarda qablaşdırıla bilər.
Qablaşdırılmış ədviyyatlar mütləq markalanmalı və etiketdə istehsalçının adı, ünvanı, malın adı, xalis çəkisi, tərkibi, istehlak xassələri, saxlanma müddəti və s. göstərilməlidir. Bundan əlavə, markada quru, qaranlıq və sərin yerdə saxlanması barədə xəbərdarlıq olmalıdır. Etiketlər bütöv, təmiz olmalı, qablaşdırmanın üzərinə qırışıqsız və düz yapışdırılmalıdır.
Bu məhsulların kimyəvi məhsullarla, tez iylənən mal və materiallarla bir yerdə daşınması və saxlanması qadağandır. Ədviyyatlar quru, təmiz, yaxşı havalandırılan ziyanvericilərdən uzaq yerlərdə, 200 C dərəcə temperaturda, 75 faiz nisbi rütubətdə saxlanılmalıdır. Bu məhsullar yağışlı və nəmli havalardan sonra mütləq havalandırılmalıdır.
Ticarət obyektlərindən bu məhsulları alarkən onların saxlanma, şəraitinə və markalanmasına diqqət etmək lazımdır.
Babək Cahandarov