Baybakov Fondu ÜAK-la bağlı Rusiya Ali Məhkəməsinə müraciət edib
Rusiya paytaxtında fəaliyyət göstərən N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi ilə əlaqədar Rusiya Ali Məhkəməsinə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, müraciətdə bu ilin aprelində Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və bununla əlaqədar hər iki ölkə başçısının qarşılıqlı ismarıcları xatırladılıb.
Qeyd olunub ki, prezidentlər ölkələrimiz arasında strateji tərəfdaşlığın gələcəkdə də inkişafına əminliklərini bildirmiş, həmçinin, bu münasibətlərin, çoxşaxəli fəaliyyətin bundan sonra da regionda sülh, sabitlik və tərəqqiyə, xalqlarımızın mənafeyinə xidmət edəcəyini vurğulayıblar.
N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondunun müraciətində deyilir ki, bütün bunların fonunda Rusiyanın ən böyük ictimai təşkilatının, o cümlədən bizim də 15 ildir əməkdaşlıq etdiyimiz ÜAK-ın qeydiyyatının RF Ali Məhkəməsi tərəfindən ləğvi dərin təəssüf doğurur: “Ümumrusiya Azərbaycan Konqresi fəaliyyət göstərdiyi müddətdə Rusiya Federasiyasının qanunlarına riayət edib. Sosial-siyasi sabitlik, Rusiyanın siyasi sisteminə sədaqət, Rusiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi ÜAK-ın prioritet vəzifələri olub”.
N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondu hesab edir ki, Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi haqqında qərar ciddi siyasi və strateji səhvdir: “Biz ümid edirik ki, Rusiya rəhbərliyi ölkənin ən böyük ictimai təşkilatının - ÜAK-ın fəaliyyətinin bərpasına dəstək olmaq üçün bütün tədbirləri görəcək”.
1news.az