İnternat məktəbinin məzunları üçün aşpazlıq kursları davam edir – FOTO
Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin “Etibarlı gələcəyin qurulması üçün birgə fəaliyyət” adlı layihə çərçivəsində internat məzunları üçün təşkil edilən aşpazlıq kursları davam edir.
1news.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı şəhəri 9 saylı xüsusi internat məktəbində keçirilən kursların əsas məqsədi yeniyetmə və gənclərin peşə vərdişlərinə yiyələnməsi, gələcəkdə bu sahədə uğurlu karyera qurulmasında onlara yardım etməkdir.
Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin rəhbəri Məlahət Abbasova iyulun 15-dək davam edəcək layihədə iştirak edən gənclərin gələcəkdə peşəkar aşpaz kimi yetişəcəklərindən əminliyini ifadə edib.
“İnanıram ki, gənclərin bu kurslarda öyrəndikləri biliklər gələcəkdə onların işlə təmin olunmasında, peşəkar aşpaz və kulinar kimi yetişmələrinə öz təsirini göstərəcək. Əsas məqsəd aşpazlıq sahəsinə marağı olan gənclərimizin bu sahədə vərdişlərinin inkişafına töhfə verməkdir”.
Layihə rəhbəri Şəhla Qarayeva bildirib ki, turizmin inkişafı, ölkəmizə turist axınının artması restoran şəbəkəsi biznesində milli və Avropa, eləcə də Şərq mətbəxini bilən peşəkar aşpazlara olan tələbatı artırır. Odur ki, internat məzunlarının bu sahədə ixtisaslaşması gələcəkdə onların müstəqil həyata qədəm basmasında mühüm rol oynayacağı şübhəsizdir.
Layihə rəhbərinin köməkçisi Vüqar Hacıyev iştirakçılara layihə barədə ətraflı məlumat verərək bildirib ki, bu cür kurslar onların bilik və təcrübələrini artırmaqda öz töhfəsini verəcək. Kurslarda onlar milli mətbəxdə yanaşı, Avropa mətbəxi barədə məlumat əldə edəcəklər.
Kulinar aşpaz Məlahət Salahova iştirakçılara mətbəxdə aşpazın davranış etikası, gigiyenik qaydalar barədə məlumat verib. Gələcəyin aşpazlar həmçinin mətbəx avadanlıqları, onların istifadə qaydaları ilə tanış olublar.
Aşpazlara xüsusi önlüklər, papaq, Azərbaycan mətbəxi ilə bağlı kitab, dəftər və qələm təqdim edilib.
Aşpazlıq kurslarının ikinci günü iştirakçılar bir sıra şirniyyatların, xüsusilə də kişmişli keksin, cemli piroqun hazırlanması qaydasını öyrəniblər. Kulinar M.Salahovanın rəhbərliyi ilə şirniyyatların resepti ilə tanış olan iştirakçılar daha sonra özləri əl qabiliyyətlərini nümayiş etdiriblər.
Aşpazlıq kurslarının üçüncü günü isə gələcəyin aşpazları Avropa mətbəxi haqqında ümumi məlumat əldə ediblər. Onlara dünya mətbəxində xüsusi yerə malik pizzalar barədə məlumat verilib. Daha sonra iştirakçılar göbələkli pizza hazırlanma qaydasını öyrəniblər. Resepti öyrəndikdən sonra onlar əyani olaraq göbələkli pizza hazırlayaraq süfrəyə təqdim ediblər.
Babək Cahandarov