Mübariz Əhmədoğlu: ATƏT MQ həmsədrləri Laçın koridorunun ələ keçirilməsini və ya dağıdılmasını aktuallaşdırırlar
ATƏT-in Minsk Qrupu (MQ) həmsədrləri ilk dəfə idi bir hərbi hadisə barədə bəyanat yayırdılar. Bəyanatın diqqətçəkən məqamları hədsiz çoxdur.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ATƏT-in Minsk Qrupu həmsədrlərinin Laçın kariodoru ilə bağlı xəbəri şərh edərkən bildirib:
“ATƏT MQ “OSA” ZRK-nın Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində vurulduğunu düşünür. İşğal altındakı ərazilərimizi 2 kateqoriyaya bölür. Dağlıq Qarabağın statusu müəyyən olunmadığı üçün Azərbaycanın işğal olunmuş ərazilərinə ikili yanaşma düzgün deyil. Dağlıq Qarabağın statusunun müəyyən olunmasına isə Ermənistan tərəfi imkan vermir. Azərbaycan dəqiq əmindir ki, Dağlıq Qarabağın statusu da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bərpa olunacaq. “OSA” ZRK-nın inzibati baxımdan Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində məhv edilməsinə həmsədrlərin münasibəti ədalətli vasitəçilik prizmasından düzgün deyil.
ATƏT-in Minsk Qrupu həmsədrləri tənzimlənmənin ruhuna hörmətsizlik etdilər. Əgər Ermənistan Dağlıq Qarabağ münaqişəsini dinc yolla tənzimləməyə hazırdırsa, o halda Dağlıq Qarabağ münaqişəsi regionunda eskalasiya prosesini dayandırmalıdır. Deeskalasiyaya üstünlük verməlidir. Ermənistan isə yalnız eskalasiya ilə məşğuldur. Hər halda müəyyən müddət Azərbaycanın işğal olunmuş ərazilərində “OSA” tipli ZRK-lar yox idi. ATƏT-in Minsk Qrupu həmsədrlərinin belə mövqeyi Ermənistanı eskalasiyaya daha da şirnikləşdirir. Belə görünür ki, ATƏT-in Minsk Qrupu həmsədrləri nəinki eskalasiyanın əleyhinə deyillər, əksinə eskalasiyaya maraqlıdırlar”.
Politoloqun fikrincə, bəyanatın İslamiada dövründə verilməsi kifayət qədər diqqəti çəkib:
“Diplomatiyanın və ya siyasətin alt qatları da var, gizli tərəfləri də. Ehtimal ki, Bakıda İslamiadanın keçirilməsini Ermənistan tərəfi Azərbaycanın İslam dünyasını Xristian dünyasına qarşı qoyması kimi təqdim edir. Dağlıq Qarabağ münaqişəsinə dini don geydirən tərəf Ermənistandır. İslamiada keçirildiyi dövrdə Ermənistan bir neçə dəfə hərbi təxribatlara cəhd edib. Azərbaycanın bu hərbi təxribatlara vaxtında verdiyi cavab hadisələrin intensivləşməməsinin əsas səbəbidir. Tərtərdə, Talış kəndi ətrafında, eləcə digər ərazilərdə ermənilər son 10-15 gündə neçə dəfə hərbi təxribat törətməyə cəhd ediblər.
Ermənistanda İŞİD-lə əməkdaşlığa çağırışlar edilir. İslami terrorçu təşkilatlardan birinin üzvü Qümridə rus hərbçisini öldürdü. Ermənistan Azərbaycana qarşı yalnız müharibəyə köklənib. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu bəyanatı Rusiyanın Xarici İşlər Nazirliyinin açıqlamasının təsiri altında verməsi açıq-aşkar görünür. Yalnız bircə fərq var ki, ATƏT-in Minsk Qrupu həmsədrləri məlumat və analitik material toplumunun da davam etdiyini bildirirlər. Yaranmış vəziyyətlə bağlı görünür, ATƏT MQ-də Rusiya ilə digər iki həmsədr arasında fikir ayrılığı var. Rusiyanın rəsmi isteblişementində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə iki mövqe yanaşı gedir. Prezident V.Putinə görə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mümkün qədər tez başa çatmalıdır. RF XİN ermənilərin təsiri altındadır və ermənilərin maraqlarına xidmət edir. Azərbaycanın Xarici İşlər Naziri dəfələrlə ermənistanlı həmkarı ilə istənilən vaxtda, istənilən yerdə, istənilən formatda görüşməyə hazır olduğunu bildirib. Həmsədrlər hər halda özlərini diplomat hesab edirlər. Ermənistanın bəyanatlarında belə bir görüşə hazırlıq hiss olunmur. Azərbaycan Prezidenti bir neçə dəfə Ermənistan prezidenti ilə görüşüb Dağlıq Qarabağ münaqişəsini tənzimlənməyə hazır olduğunu bildirib. Hətta amerikalı həmsədr Uorlik bunu etiraf etdi. Amma Ermənistan prezidentinin belə bir bəyanatı yoxdur. Həmsədrlərin buna göz yumması yalnız acı təəssüf doğurur.
Eləcə də həmsədrlərin gözünün qabağında Ermənistanda Azərbaycanla əməkdaşlığa münasibətin nümunəsi olan alma məsələsi davam edir. Alma məsələsi “OSA” raketinin vurulmasından daha faciəvidir. Həmsədrlər ona münasibət bildirməli idilər”.
M.Əhmədoğlunun fikrincə, həmsədrlər Ermənistana kömək etmək niyyətindədirlərsə, Ermənistanın ictimai şüurunu düzəlməklə məşğul olmalıdırlar:
“Ermənistanın ictimai şüuru dinc tənzimlənmə istiqamətinə yönəlməyib və Ermənistanda yalnız Azərbaycanla düşmənçilik qızışdırılır. Ermənilərin versiyasına görə Osmanlı guya 1,5 milyon ermənini qırıb. Amma bu gün Ermənistan vətəndaşı olan qadın və kişilər Türkiyədə türkün qapısında qulluqçu işləməkdən ötrü növbəyə dayanıblar. Ermənistanla Türkiyə arasında hər il mal dövriyyəsi təxminən 250-300 milyon dollar hüdüdlarındadaır. İndi belə alınır ki, Azərbaycanla Ermənistan əməkdaşlıq etmək üçün hökmən təxminən 200-250 min erməni qırmalı imış. Bu erməni şüurunun əyriliyinin göstəricisidir. Çox təəssüf ki, həmsədrlərin intellekti belə faktları görməyə imkan vermir.
Yaranmış vəziyyətdən çıxış yolu bəyanatın ruhundan açıq-aşkar hiss olunur. Əgər ermənilərin Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində “OSA” zenit-raketi qorumaq hüququ həmsədrlər tərəfindən tanınırsa, o zaman Azərbaycanın da Laçın rayonu ərazisində, desant yerləşdirməsi və yaxud Laçın koridoru ərazisini uzaq vuran raketlərlə dağıdılması hüququnu tanımalıdırlar.
Həmsədrlər yaranmış vəziyyəti ciddi təhlil etməlidir. Dinc tənzimlənmənin ən ciddi ehtiyacı olan məsələ həmsədrlərin özlərinin ciddi davranışıdır”.
S.Xankişiyeva