“Ambasador” jurnalında Xocalı soyqırımı haqqında məqalə dərc edilib
Polşada nəşr edilən “Ambasador” jurnalının 30-cu sayında “Xocalı soyqırımının 25-ci ildönümü” başlıqlı məqalə dərc edilib.
1news.az-a səfirlikdən verilən məlumata görə, “Ambasador” jurnalı 2000 nüsxə ilə nəşr edilərək Polşanın bütün nazirlik və dövlət qurumları, ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklər arasında yayılır, eyni zamanda müxtəlif kitab mağazalarında satılır.
Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğalı, dinc əhaliyə qarşı aparılmış soyqırım barədə məlumat verilir.
Azərbaycanlılara qarşı törədilmiş soyqırım nəticəsində 613 nəfərin həlak olduğu, 1275 nəfərin əsir götürüldüyü qeyd edilir. Daha sonra dünyanın aparıcı kütləvi informasiya vasitələrində “The Sunday Times”, “Newsweek”, “The New York Times”, “Time”, “The Washington Times” bu soyqırım barədə məlumat verildiyi, habelə mayor Leonid Kravetsin şahidliyinə istinad edilir.
Sonda oxucular belə ədalətsizliyin gələcəkdə baş verməsinin qarşısının almaq üçün www.justiceforkhojaly.org internet səhifəsinə daxil olaraq “Xocalıya ədalət” kampaniyasına qoşulmağa dəvət edilirlər.
Pərvanə Sultanova