Stefan Qulqren: “Azərbaycan-İsveç əlaqələri tarixi köklərə əsaslanır”
28 May–Respublika Günü münasibətilə Azərbaycanın İsveçdəki səfirliyi tərəfindən Stokholmda təntənəli ziyafət təşkil olunub.
1news.az xəbər verir ki, mərasimdə İsveçin dövlət və hökumət nümayəndələri, Stokholmda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, İsveç ictimaiyyətinin, habelə Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov Azərbaycanın qədim tarixi barədə ətraflı məlumat verib. Bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulub, lakin sonradan bu dövlət Qızıl Ordu tərəfindən işğal olunub.
Uzun illər SSSR-nin tərkibində olmasına baxmayaraq, dövlətçilik ənənəsini itirməyən Azərbaycan xalqı 1991-ci ildə sovetlər birliyinin dağılması ilə yenidən öz müstəqilliyinə qovuşdu və ölkəmiz dünya birliyinin bərabərhüquqlu üzvünə çevrildi.
Səfir ötən müddət ərzində Azərbaycanın çoxlu sayda beynəlxalq və regional təşkilatlara qoşulduğunu, çoxtərəfli əməkdaşlığı genişləndirdiyini deyib. Diplomat ölkəmizin bu təşkilatlar çərçivəsində regional və beynəlxalq təhlükəsizlik problemlərinin həlli, ədalətli dünyanın formalaşdırılması işindəki mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycanın böyük maraq doğuran və diqqəti cəlb edən regionda yerləşdiyini deyən A. Məmmədov Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulan dövlətçilik siyasətinin XX əsrin sonunda daha geniş şəkildə həyata keçirildiyini, yeni geosiyasi reallıqlara uyğun yeni Azərbaycanın formalaşdırıldığını qeyd edib.
Bu gün Azərbaycanın yürütdüyü siyasətdən danışan səfir 2016-cı ilin Prezidenti İlham Əliyev tərəfindən “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edildiyi barədə məlumat verib.
O, Azərbaycan Prezidentinin bu təşəbbüslərlə dünya xalqlarını milli və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsə hörmətlə yanaşmağa, müxtəlif milli-mənəvi dəyərlərə qiymət verməyə çağırdığını vurğulayıb.
Azərbaycanın neft və qaz ölkəsi kimi Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynadığını vurğulayan səfir tikintisi davam etdirilən TANAP və TAP layihələrinin əhəmiyyətindən danışıb. Ölkəmizdə düşünülmüş siyasi, iqtisadi və hüquqi islahatların aparıldığını vurğulayan səfir neft və qaz kəmərləri ilə yanaşı, Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu kimi nəhəng layihələri həyata keçirməklə Şərq ilə Qərbi birləşdirən körpü rolunu oynadığını da diqqətə çatdırıb.
Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan diplomat münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu vurğulayıb. Bildirilib ki, münaqişə nəticəsində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. İşğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus maddi-mədəni abidələr ermənilər tərəfindən yer üzündən barbarcasına silindiyini deyən səfir erməni terrorizmini “Taliban” və “İŞİD” terror qruplaşmaları ilə müqayisə edib.
Azərbaycan-İsveç münasibətlərinə toxunan səfir bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu diqqətə çatdırıb.
O deyib ki, ötən 25 il ərzində Azərbaycan-İsveç əlaqələrinin inkişaf etdirilməsi, daha geniş sahələri əhatə etməsi məqsədilə çox işlər görülüb. Belə ki, İsveç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə 1992-ci ildə yaradılan Minsk qrupunun üzvüdür, İsveç habelə Avropa İttifaqının Şərq Tərəfdaşlığı layihəsinin ideya rəhbərlərindəndir və bu layihə çərçivəsində Aİ ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı mühüm addımlar atılır.
İsveç ilə Azərbaycan arasındakı əlaqələrin tarixinə nəzər salan səfir 1870-ci illərdə məşhur Nobel qardaşlarının Bakı neftinə sərmayələr yatırmaqla o dövrün əsas neft ixracatçılarından birinə çevrilməsindən də danışıb.
Daha sonra çıxış edən İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya departamentinin baş direktoru Stefan Qulqren 28 May – Respublika Günü və ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbriklərini çatdırıb.
Azərbaycan ilə İsveç arasında tarixi köklərə əsaslanan yaxşı əlaqələrin qurulduğunu vurğulayan isveçli diplomat ölkələrimizin beynəlxalq arenada, müxtəlif təşkilatlar çərçivəsində səmərəli tərəfdaş olduğunu vurğulayıb.
Stefan Qulqren diqqətə çatdırıb ki, İsveçin də üzv olduğu ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə səylər göstərir. İsveç və Polşanın banisi olduğu Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ölkələrimizin böyük nailiyyətlərə imza atdığını, ölkəmizlə yeni saziş ilə bağlı danışıqların aparıldığını və əməkdaşlığın daha da gücləndiriləcəyinə ümidvar olduğunu deyib.
Sonra rəsmi ziyafət verilib.
Tədbirdə iştirak etmək üçün İsveçə səfər edən azərbaycanlı cazmenlər Rain Sultanov və İsfar Sarabskinin ifa etdiyi caz kompozisiyaları tədbir iştirakçılarının böyük marağına səbəb olub.
1news.az