“Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016)” kitabı çapdan çıxıb
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) əməkdaşlarının kollektiv əməyinin məhsulu olan "Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016)" adlı kitab işıq üzü görüb.
1news.az-a SAM-ın mətbuat xidmətindən verilən məlumata əsasən, Kitab Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunub.
Kitabda əksini tapan 28 məqalədə müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin ayrı-ayrı prioritet istiqamətləri, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda dövlət başçısı cənab İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət kursunun uğurları, siyasi-iqtisadi maraqların və milli təhlükəsizlik mənafelərinin təminatında əldə edilmiş nailiyyətlər, dövlətimizin beynəlxalq təhlükəsizlik və beynəlxalq iqtisadi münasibətlər sistemindəki rolu və mövqeyi ətraflı təhlil edilmişdir. Xüsusilə Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioriteti olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, Azərbaycan hökumətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər tədqiqatçı-ekspert prizmasından işıqlandırılıb.
Bundan başqa, kitabda müvafiq bölmələr üzrə Azərbaycanın qonşu ölkələr (Türkiyə Respublikası, Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan) və Mərkəzi Asiya respublikaları (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan) ilə əlaqələri ətraflı araşdırılmışdır. Azərbaycanın qlobal və regional güclərlə (Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Çin, Almaniya, Mərkəzi, Şərqi, Cənubi və Cənub-Şərqi Avropa ölkələri (Polşa, Macarıstan, Çexiya, Rumıniya, Bolqarıstan, İtaliya, Yunanıstan) və Baltikyanı ölkələrlə (Latviya, Litva, Estoniya) münasibətləri təhlil edilmişdir. Azərbaycanın beynəlxalq təşkilatlarla (BMT, Avropa Şurası, MDB, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Türk Şurası, Qoşulmama Hərəkatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı) əlaqələri və bu təşkilatların fəaliyyətində iştirakı nəzərdən keçirilib.
Onu da qeyd edək ki, 2017-ci ildə 10 yaşı tamam olan və beynəlxalq münasibətlərin aktual problemləri və xarici siyasət məsələləri əsas tədqiqat istiqamətlərindən biri olan Strateji Araşdırmalar Mərkəzinin bu kollektiv nəşrində eyni zamanda Azərbaycan Respublikasının xarici siyasətinin iqtisadi yönləri və humanitar aspektləri, enerji diplomatiyası, müstəqil Azərbaycanda informasiya cəmiyyəti quruculuğu, modernləşən xarici siyasət və diplomatiya məsələləri də geniş araşdırılıb.
Kütləvi tirajla çap edilmiş kitab xarici siyasət məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
S.Xankişiyeva