Baş Prokurorluq daha bir KİV rəhbərinə xəbərdarlıq edilib
Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Hürriyyət” qəzetində və həmin dövri mətbu nəşrin internet saytında dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinin kobud surətdə pozulmaqla Azərbaycanın təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar ictimailəşdirilib.
1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, qeyd edilənlərlə əlaqədar qəzetin baş redaktoru Vüqar Məmmədov Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən kütləvi informasiya vasitələrindən sui-istifadə olunmasına yol verilməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
S.Xankişiyeva