Poroşenko: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirərək, qətiyyətlə yüksək inkişaf templəri nümayiş etdirir
Ukraynanın Prezidenti Petro Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibəti ilə təbrik edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Zati-aliləri.
Dövlət bayramınız – Respublika Günü münasibətilə Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Müstəqillik illərində Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirərək, qətiyyətlə yüksək inkişaf templəri nümayiş etdirir. Bu, şübhəsiz ki, Azərbaycan Respublikası üçün milli məsələ olan və Ukraynanın da bununla bağlı mövqeyinin dəyişilməz olduğu ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpası məsələsinin həllinə yardım edəcəkdir. Biz, həmçinin Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk.
Qəti əminəm ki, Sizin Ukraynaya rəsmi səfəriniz, Ukrayna və Azərbaycan Prezidentləri Şurasının növbəti iclasının keçirilməsi ölkələrimizin xalqlarının rifahı naminə tərəfdaşlığımızın inkişafına güclü təkan verəcək. Fürsətdən istifadə edib, Sizin üçün münasib vaxtda Ukraynaya rəsmi səfərə dəvətimi təsdiq etmək istərdim.
Çox hörmətli cənab Prezident, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm”.
S.Xankişiyeva