Kaliforniyada 28 may “Azərbaycan Milli Günü” elan edilib – FOTO
Kaliforniya ştatının Qərbi Hollivud şəhəri 28 may, 2017-ci il tarixini “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Con Heylman və Şəhər Şurasının üzvləri tərəfindən yekdilliklə müvafiq bəyannamə qəbul edilib.
1news.az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, bəyannamədə, Azərbaycanın 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək, demokratik respublika (ADR) təsis etdiyi və İslam dünyasında ilk dünyəvi parlamentli respublika qurduğu bildirilir. Həmçinin qeyd olunur ki, bu respublika ABŞ və digər demokratik dövlətlər tərəfindən tanınmışdı.
Qeyd olunur ki, ADR dövründə dini etiqadından, cinsindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara səsvermə hüququ verib. Nəzərə çatdırılır ki, Azərbaycanda qadınlara səsvermə hüququ ABŞ-dan da bir il öncə verilib.
Müstəqilliyin bərpasından keçən dövr ərzində Azərbaycanın öz suverenliyini və müstəqilliyini möhkəmləndirdiyi və mühüm önəmə malik Xəzər regionunda ABŞ-ın güclü müttəfiqinə və strateji tərəfdaşına çevrildiyi vurğulanır.
Həmçinin qeyd olunur ki, ABŞ-da və dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla azərbaycanlı 28 mayı Milli Gün kimi qeyd edir.
Bəyannamənin sonunda 28 may tarixi Qərbi Hollivud şəhərində “Azərbaycan Milli Günü” elan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət edilir.
Qeyd edək ki, Kaliforniyanın Santa Monika və Torrens şəhərlərində də 28 may tarixi “Azərbaycan Milli Günü” elan edilib. Həmçinin, Los Anceles Vilayətinin Nəzarətçilər Şurası, Los Anceles Vilayətinin Qiymətləndiricisi və Kaliforniya Senatoru Ben Allen də Baş Konsulluğa müvafiq təbriknamələr göndəriblər.
S.Xankişiyeva