Bu gün Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür

Bu gün- iyunun 5-i dünyada Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd edilir.
1news.az xəbər verir ki, XIX əsrin sonlarından başlayan elmi–texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı.
Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar.
Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar.
Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdı.
5 iyun 1972-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olub.
Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar Yaponiya və Seneqalın təklifi ilə 5 iyunun Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunmasına qərar veriblər və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanıb.
Qeyd edək ki, Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ölkəmizdə də geniş şəkildə qeyd edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun Ümumdünya Ətraf Mühit Günü ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir.
Keçirilən tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır.
Babək Cahandarov