İlham Əliyev MDB üzv dövlətlərinin Bakıda səfərdə olan gömrük xidməti rəhbərlərini qəbul edib
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiyanın, Belarusun, Özbəkistanın, Qırğızıstanın, Tacikistanın, Qazaxıstanın gömrük xidmətlərinin rəhbərlərini və MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedevi qəbul edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında səmərəli müzakirələrin aparılacağına və müvafiq qərarların qəbul ediləcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Gömrük Xidməti Rəhbərləri Şurasının iclasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə etdi. Gömrük xidmətlərinin ölkələrin inkişafında mühüm rol oynadığını vurğulayan Prezident İlham Əliyev büdcə gəlirlərinin təmin olunmasında və ümumi iqtisadi inkişaf dinamikasında bu xidmətlərin rolunu qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda gömrük sahəsində son zamanlar ciddi islahatların aparıldığını vurğulayaraq bildirdi ki, ticarət dövriyyəsinin bir qədər azalmasına baxmayaraq, bu islahatların səmərəli şəkildə həyata keçirilməsi nəticəsində gömrük rüsumlarının yığımı artıb. Prezident İlham Əliyev qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının önəmini qeyd etdi. Azərbaycan üçün ümumilikdə MDB çərçivəsində əməkdaşlığın bütün sahələrinin mühüm əhəmiyyət daşıdığını deyən dövlətimizin başçısı ölkəmizdə MDB çərçivəsində çoxlu sayda müxtəlif tədbirlərin keçirildiyini vurğuladı. Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasının fəaliyyətinə uğurlar arzuladı.
Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin bütün iştirakçılar adından Şuranın növbəti iclasının Bakıda keçirilməsi üçün yaradılan imkana görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Şuranın 65-ci iclasının Bakıda keçirilməsinin əlamətdar hadisə olduğunu deyən Vladimir Bulavin bu tədbirin MDB-yə üzv dövlətlərin gömrük xidmətləri rəhbərləri arasında qarşılıqlı anlaşmanın səmərəli informasiya mübadiləsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi və bu gün MDB-yə üzv ölkələr arasında gömrük sahəsində informasiya mübadiləsinin yüksək səviyyədə aparıldığını vurğuladı. O, bu cür tədbirlərin, eyni zamanda, gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti ilə bağlı aktual məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını dedi.
MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev MDB ölkələri Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi və qeyd etdi ki, Azərbaycan Müstəqil Dövlətlər Birliyi çərçivəsində artıq bir sıra mühüm tədbirləri uğurla həyata keçirir. O, Azərbaycana budəfəki səfəri zamanı Bakının daha da gözəlləşdiyinin şahidi olduğunu və bunun onda dərin təəssürat yaratdığını dedi.
S.Xankişiyeva