Gənclər üçün Maliyyə Savadlılığı Proqramına start verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənclər üçün Maliyyə Savadlılığı Proqramına start verilib

RH və 1news Redaksiyası15:37 - Bu gün
Gənclər üçün Maliyyə Savadlılığı Proqramına start verilib

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Banklar Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində "Gənclər üçün Maliyyə Savadlılığı Proqramı"na start verilib. Noyabrın 25-də "Baku Marriott Hotel Boulevard" mehmanxanasında layihənin rəsmi təqdimat mərasimi baş tutub.

Təşəbbüs gənclər arasında maliyyə savadlılığının yüksəldilməsi, məsuliyyətli maliyyə davranışlarının formalaşdırılması, həmçinin müasir maliyyə xidmətləri və imkanları üzrə bilik və praktiki bacarıqların artırılması məqsədi daşıyır.

Dövlət qurumlarının rəhbər şəxslərinin, bank və maliyyə sektorunun, o cümlədən gənclər təşkilatlarının nümayəndələrinin qatıldığı mərasimdə Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Milli Məclisin deputatı Müşfiq Cəfərov çıxış ediblər. Çıxışlar zamanı proqramın gəncləri maliyyə sektorundakı yeniliklər və müasir tendensiyalar barədə məlumatlandıracağı, eləcə də maliyyə resurslarından səmərəli və məqsədyönlü istifadə bacarıqlarını inkişaf etdirəcəyi vurğulanıb.

Proqram daxilində keçirilən təlimlər və interaktiv fəaliyyətlər vasitəsilə gənclərin bir sıra istiqamətlər üzrə bilik və praktiki bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Bu istiqamətlər sırasına şəxsi büdcənin idarə edilməsi, yığım və investisiya, rəqəmsal bankçılıq və maliyyə təhlükəsizliyi, məsuliyyətli borclanma, maliyyə istehlakçılarının hüquqları, həmçinin müasir və alternativ maliyyələşmə imkanları daxildir.

Layihə gənclərin qazandıqları bilikləri real həyat situasiyalarında tətbiq etmələrinə, maliyyə seçimlərinə daha məsuliyyətli yanaşmalarına və gələcək hədəflərini düzgün planlaşdırmalarına töhfə verəcək.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər