Cəbhədə gərginlik – Aprel döyüşləri təkrarlana bilərmi?
Ermənistan-Azərbaycan cəbhəsində vəziyyət gərginləşib. Düşmən tərəfi davamlı olaraq cəbhədə təxribatlara əl atır və bu da hər iki tərəfdən itkilərlə nəticələnir. Ermənistanın həmsədrlərin regiona və Azərbaycana səfəri ərəfəsində təxribat cəhdi rəsmi İrəvanın substantiv danışıqlara hazır olmadığını, status-kvonun davam etməsində maraqlı olduğunu bir daha sübut etdi.
Ötən həftə sonu müşahidə edilən gərginlik və düşmənin təxribat cəhdləri ilə bağlı həm Azərbaycanın Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək cəbhədəki vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü vurğuladılar.
"Düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir. Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verib. Görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var.
Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək", - deyə Müdafiə nazirliyinin bəyanatında vurğulanır.
Azərbaycan XİN isə bəyan edib ki, 15 iyun tarixindən etibarən cəbhədə vəziyyətin inkişaf xronikası açıq şəkildə göstərir atəşkəsin pozulması və təxribatların törədilməsinin təşəbbüskarı məhz Ermənistan tərəfidir. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev hesab edir ki, Ermənistan qəsdən cəbhədə vəziyyətin gərginləşdirilməsi yolu ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə və işğala əsaslanan mövcud status kvonu saxlamağa çalışır:
“Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində fəaliyyət göstərərək Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda Azərbaycanın ərazilərinin müdafiəsini və xüsusilə təmas xətti boyu yaşayan mülki əhalinin təhlükəsizliyini təmin edir. Cəbhədə yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov da mətbuata açıqlamasında cəbhədə baş verənləri Ermənistan hakimiyyətinin növbəti təxribatı adlandırıb:
“Ermənistanın təcavüzkar siyasəti daim davam edib. Onlar heç vaxt bu siyasətə ara verməyiblər. Sadəcə olaraq, bəlli məqamlarda bir az geri çəkilib, öz mövqelərini gizlətməyə, beynəlxalq ictimaiyyəti aldatmağa çalışıblar".
Ə. Həsənov bildirib ki, Ermənistan ötən əsrin 90-cı illərdən başlayaraq, bu günə qədər təxribatları davam etdirib: "Onlar davamlı olaraq, xüsusən də beynəlxalq səviyyədə danışıqların intensivləşdiyi, status-kvonun aradan qaldırılması ilə bağlı beynəlxalq aləmin səylərinin artdığı vaxtlarda təxribatlara əl atırlar, cəbhədə qarşıdurmanı gücləndirməyə çalışır, bu fonda həm beynəlxalq aləmdə anti-Azərbaycan mövqelərini gücləndirməyə cəhd edir, həm də əhalinin Ermənistan hakimiyyətinə olan narazılığını ört-basdır etmək məqsədi güdürlər. Ona görə də biz hazırda cəbhədə baş verənləri də əvvəlki təxribatlar kimi, Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi kimi dəyərləndirir, buna belə yanaşırıq".
Azərbaycan substantiv danışıqlara hazır olduğunu dəfələrlə açıqlasa da, erməni tərəfi status-kvonun saxlanılmasına çalışır. “Nə sülh, nə müharibə” şəraitinə üstünlük verən işğalçı tərəf üzərində lazımı beynəlxalq təzyiqləri hiss etmədiyi üçün geriyə addım atmağa da hazırlaşmır.
"Aprel hadisələrindən daha şiddətli toqquşmalar mümkündür"
Qarşıdurma xəttində mövcud gərginliyin səbəbini açıqlayan millət vəkili, politoloq Rasim Musabəyov deyib:
“Əsas səbəb budur ki, erməni hərbi birləşmələri beynəlxalq hüquqa tamamilə zidd olaraq Azərbaycan torpağlarındadır və o torpaqlardan çıxmaq niyyətində olmadıqlarını açıq şəkildə bəyan edirlər. Ermənilər beynəlxalq hüquqa da, BMT Təhlükəsilik Şurasının qərarlarına da tüpürürlər. Ermənistan prezidenti, müdafiə naziri sırtıqcasına gəlib bizim işğal altındakı ərazilərimizdə təlimlərə rəhbərlik edirlər. Digər səbəb isə budur ki, ermənilər daim torpaqlarımızı işğal altında saxlayaraq Azərbaycan mənqələrini atəşə tuturlar. Beş erməninin öldürülməsindən əvvəl onlar bizim əsgərimiz öldürmüşdülər. Şəhidimizin qisası da alındı".
Politooq düşünür ki, bu gərginlik heç bir tərəfə xeyir gətirmir: “Müharibə məcburiyyət qarşısıda baş verir və bu məcburiyyəti yaradan ermənilərin işğalıdır”.
Həmsədrlərin Bakıda olmasına diqqət çəkən politoloq onların əllərindən heç nə gəlmədiyini deyib:
“Onların əllərindən nə gələ bilər?! Həmsədrlər öz ölkələrinin orta səviyyəli diplomatlarıdır. Gəlib, nəsə danışacaqlar, amma onların səviyyəsində nənki danışıqlarda irəliləyiş gözləmək mümkündür, onlar heç danışıqları təşkil edə bilmirlər.
Ermənilər mövcud vəziyyəti dondurmaq üçün ortaya tələb atırlar ki, gəlin atəşkəsin etimadlı saxlanmasını təmin edək, sonra danışıqlara başlayarıq, amma əslində atəşkəsə tam şəkildə əməl olunan dövrdə də ermənilər işğal olunmuş torpaqlardan geri çəkilmək istəklərinin olmadığını nümayiş etdirdilər.
Ona görə də bunlarla gəlib Azərbaycanla danışmaq mənasız bir işdir. Yəni ermənilərin istəyini dilə gətirmək üçün bura gəliblərsə, həmsədrlər vaxtlarını itirirlər. Azərbaycanın da cavabı təlimlərdir. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Ya erməniləri ağıla gətirib öz xoşu ilə çıxacaqlar, ya da ölkəmiz öz hüquqlarından istifadə edərək torpaqları düşməndən azad edəcək”.
R.Musabəyov düşünür ki, işğal davam etdikcə hər şey mümkündür. Lap aprel hadisələrindən daha şiddətli toqquşmalar mümkündür. Həmsədr dövlətlər, beynəlxalq qurumlar Ermənistana qarşı hər hansı təzyiqlər həyata keçirmək istəmirlər və belə bir niyyətləri də yoxdur. Sadəcə olaraq erməniləri yerlərinə biz oturtmağa başladığımız halda təkcə onları bizim əlimizdən qutarmaq naminə bəlkə işğalçını ağıla gətirməyə başlayalar. Hələlik isə etmək niyyətində deyillər".
Politoloq hesab edir ki, Azərbaycanın ordusu Ermənistanın ordusundan qat-qat güclüdür: "Biz bunu aprel hadisələrində müşahidə etdik. Ermənilər deməklə deyil. Aprel hadisələri göstərdi ki, onların ordusu dedikləri kimi qüdrətli deyil, yanvar ayından bu vaxta kimi ermənilərin itkiləri Azərbaycanın itkilərindən iki dəfə çoxdur".
Pərvanə Sultanova