Mübariz Əhmədoğlu: ABŞ və RF-in Dağlıq Qarabağ tənzimlənməsinə yanaşmalarında fərq var
Həmsədrlər Dağlıq Qarabağda olarkən jurnalistlər üçün brifinq keçirdilər. Brifinqdə rusiyalı həmsədr İ.Popov vurğunu təhlükəsizlik məsələləri üzərində qoydu. Həmsədrlərin 18 may bəyanatı da Rusiyanın təşəbbüsü ilə ortalığa çıxmışdı. İlk əvvəl RF XİN rəsmisi münasibət bildirdi. Sonra isə ATƏT MQ həmsədrləri eyni məzmunlu bəyanat yaydılar. Bircə fərq var idi. Həmsədrlər informasiya və analitik materialları toplamaqda davam etdiklərini rəsmi şəkildə bildirdilər. Ehtimal ki, bu fərq ABŞ tərəfinin hesabına idi.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Həmsədrlər Dağlıq Qarabağa səfərilə bağlı xəbəri şərh edərkən bildirib:
“Görünür, RF Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində əvvəlki mövqeyinə qayıdır; Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılır. Dağlıq Qarabağın statusunun müəyyən olunması Rusiyaya lazım olan müddətədək dondurulur. Rusiya özü münasib bildiyi vaxtda Dağlıq Qarabağın statusunun müəyyən olunmasına girişir və Dağlıq Qarabağ üzərində özünün lazımı rıçaqlarını əldə etmək şərti ilə statusunu müəyyənləşdirir.
Amerikalı həmsədr R.Hoqland brifinqdə separatçı rejimin rəhbərliyi ilə maliyyə, iqtisadi və digər məsələləri müzakirə etdiyini bildirdi. ABŞ-ın dünya dövlətlərinə maliyyə yardımını azaltdığı bəllidir. Maliyyə yardımının azalmasından ən çox əziyyət çəkənlərdən biri Ermənistandır. Ermənistanda maliyyə çətinliyinin yaranması Dağlıq Qarabağda da maliyyə problemlərinin yaranması deməkdir. Ona görə Hoqland ermənilərlə azərbaycanlılar, Ermənistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığı dirçəltməklə Ermənistana, o cümlədən Dağlıq Qarabağa əlavə iqtisadi nəfəs vermək istəyir”.
Politoloqun fikrincə, diqqətdən kənarda qala bilməyən başqa aspekt də var: Amerikanın Ermənistandakı səfiri R.Millzin Ermənistanın baş naziri K.Karapetyanla keçirdiyi son görüşdən (19 may 2017) bir neçə gün sonra Ermənistanın Energetika və təbii ehtiyatlar nazirinin müavini, baş nazirin kürəkəni Ayk Arutyunyan zəruri ehtiyac olmadan mətbuata açıqlama verdi.
“Mətbuata müsahibəsində Ermənistanın qonşuları ilə olan münasibətlərindən danışırdı. Məsələnin qoyuluşu aşkar şəkildə Azərbaycanın nəzərdə tutulduğunu göstərirdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərindən Ermənistanın istifadəsi bir neçə dəfə ABŞ-da müzakirə edilib. Görünür, ABŞ yenidən Bakı-Tbilisi-Ceyhan neft kəmərindən Ermənistana şaxənin çəkilməsini aktuallaşdırır. ABŞ bununla iki məqsədə nail olur. Ermənistanın Rusiyadan enerji asılılığını azaldır. Güzəştli qiymətlə Ermənistana Azərbaycan neftini nəql etdirməklə Ermənistana əlavə iqtisadi resurs yaradır. Azərbaycan üçün məsələnin belə qoyuluşu yeni deyil və cavabı da hazırdır; Ermənistan Dağlıq Qarabağ münaqişəsini həll etməyə hazır olduğunu sübut etdiyi andan Azərbaycan Ermənistanla iqtisadi əməkdaşlıq barədə danışıqlara başlaya bilər.
ABŞ və Rusiya Dağlıq Qarabağ tənzimlənməsində aralarında fikir ayrılıqlarının olmadığını dəfələrlə bəyan etsələr də, görünür incə diplomatiya oyunu başlayıb. Bu həm də incə saxtalaşdırma anlamındadır. Astanada Azərbaycan Prezidentinin RF prezidenti ilə görüşünün anons olunması fonunda Ermənistan prezidentinin Astanada olacağı barədə heç bir fikir bildirilməmişdi. Lakin buna baxmayaraq S.Sərkisyan iyunun 9-da Astanada oldu. Heç bir görüş keçirmədən geri qayıtdı. Görünür, RF Astanada prezidentlərin görüş xatirinə görüşünü təşkil etmək istəyirmiş; Beynəlxalq aləm Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin iştirakı ilə görüşünü görür. Lakin bu görüşdə isə ciddi razılaşma əldə olunmur. Ehtimal ki, RF-də bəzi rəsmilərə məhz belə görüş lazımdır. Ola bilər, S.Sərkisyan prezidentliyinin son 10 ayındakı davranışını RF-də müəyyən rəsmilərlə razılaşdırıb”.
S.Xankişiyeva