Ən böyük həvəskar futbol liqası MFL ilk sezonu parlaq finalla başa vurdu – FOTO
“Çempion olmaq istəyirsənsə, vuruşmalısan”.
Vitse-kapitan Ümid Məmmədovun bu cümləsində Azərbaycanın ən böyük və ən möhtəşəm həvəskar futbol liqası MFL-in ilk qalibi olan “GSP Logistics” komandasının bütün məğzi əks olunub.
Bu günlərdə keçən il sentyabrın sonunda start götürən çempionat final oyunu ilə başa çatdı. “GSP Logistics” və “Underdog” komandaları liqanın ilk sezonunun qalibini müəyyən etməli idilər. Həlledici oyunlarda olduğu kimi final görüşü çox gərgin və sərt mübarizə şəraitində keçdi...
MFL şəhərin ən yaxşı həvəskar futbolçularını bir yerə yığaraq onları bir çempionatda birləşdirdi, hansı ki, bu yarış komandaların mübarizəsinə, təşkilatçılağın keyfiyyətinə və təbliğatına görə bir çox peşəkar liqalara nümunə ola bilər.
İştirakçıların özlərinin etiraflarına görə, prinsipial oyunlar bir neçə yüz azarkeş yığırdı. Həftədə bir dəfə dır-dıra toplaşan dünənki həvəskarlar (hər bir məhəllə futbolu sevərə bu termin tanışdır) peşəkar səviyyədə təşkil olunmuş oyunlardakı ab-havanı hiss etmək imkanı qazandılar. Canlı yayımlar, oyunlardan sonra müsahibələr, aparıcı KİV-lərdə işıqlandırılması, peşəkar hakimlik – bütün bunlar MFL-də var idi.
Təşkilatçıların sözlərinə görə, AFFA-nın dəstəyi ilə reallaşdırılan, 44 komanda, 600-ə yaxın futbolçu və 11 mindən çox üzvü bir yerə toplayan MFL-in yaradılmasında məqsəd sağlam həyat tərzini aşılamaq və insanlara futbolu daha çox sevdirməkdir.
MFL-in finalı bazar gününün və Azərbaycanda həvəskar idmanın əsas hadisəsinə çevrildi. Aralarında AFFA-nın texniki direktoru Bernhard Lippert, CBC Sport-un baş direktoru Volkan Üst, 1news.az-ın baş redaktoru və eyni zamanda MFL-in direktoru Rəhman Hacıyev, Liqanın tərəfdaş SMG şirkətinin rəhbəri Ayaz Əhmədov, biznes və ictimaiyyət nümayəndələri və əlbəttə ki, MFL komandalarının üzvləri, eləcə də azarkeşlər və KİV nümayəndələri – hər kəs ilk çempionun adını öyrənmək üçün bir araya gəlmişdi.
Geridə qalan 10 ay müddətində komandalar əsas hədəfə doğru irəlilədilər və bununla da onlar ölkənin ən yaxşı həvəskar kollektivi olduqlarını sübut etməyə çalışdılar.
Hər iki konferensiyadan 8 ən yaxşı komanda (hər birində 20 komanda olub) pley-off mərhələsinə vəsiqə qazandılar, burada isə ikioyunluq qarşıdurmada finalistləri müəyyən etdilər.
“GSP Logistics” və “Underdog” komandaları həlledici görüşə çıxmazdan öncə “Juventus” və “PAPA JOHN`S” çempionatın bürün medalçısını müəyyənləşdirdilər. Hər iki komanda favoritlərin sırasından seçildiklərindən yarımfinalda aldıqları məğlubiyyət onlara mənfi təsir göstərmişdi.
“Biz MFL-in ikinci turniri olan “San-Marino”nun qalibiyik və hər zaman qarşımıza ancaq qalib gəlməyi məqsəd qoyuruq. Buna görə də üçüncü yeri uğur hesab edə bilmərik”. Bu sözləri rəqibini 8:1 hesabı ilə məğlub edən “Juventus” komandasının kapitanı İlqar Nağıyev güclə gülümsəyərək deyib. “Lakin biz MFL-də iştirak etməyimizə çox şadıq. Bu cür çempionat yaratdıqları üçün təşkilatçılara təşəkkür edirəm”- deyə, o əlavə edib.
Həmçinin oxuyun:
Кубок MFL Сан-Марино: победителем стал «Ювентус Баку» - ФОТО - ВИДЕО
İlk sezonun qalibini isə final görüşünün sonunda vurulan yeganə qol müəyyən etdi.
“GSP Logistics” kollektivi çempionatın lap əvvəlindən uzun müddət rəqiblərinə heç bir şans verməyərək onları məğlub etməklə öz ambisiyalarını ortaya qoymuş oldu. Komandanın hər bir üzvü ilk növbədə döyüşçüdür və meydanda keçirdikləri hər saniyə üçün bütün güclərini ortaya qoyurlar. Fərdi ustalıq səviyyəsinə görə “Underdog” rəqibini üstələsə də, “GSP Logistics” öz oyunu ilə qələbəyə daha istəkli olduğunu ortaya qoydu.
“GSP Logistics” komandasının kapitanı Tamerlan İbrahimov oyundan sonra qeyd etdi ki, çempionatın əvvəlindən komandamın qələbəsinə əmin idim, sadəcə bunu final oyununda rəsmiləşdirmək lazım idi: “Bütün komandalar gördülər ki, çempionluğa məhz biz layiq idik. Finalda layiqli mübarizə oldu, lakin ən güclü olan tərəf qalib gəldi. Bu cür çempionata görə MFL-in təşkilatçılarına təşəkkür edirəm”.
Emosiyalar ən pik həddədir, komandanın bütün üzvləri sevinclidirlər. “Final döyüşdür və əgər qalib gəlmək istəyirsənsə özünə can yandırmadan vuruşmalısan”- deyə, Ümid Məmmədov əlavə edib.
Finalçı “Underdog” komandası da ən xoş sözlərə layiqdir. Komanda üzvləri həm meydanda, həm də meydandan kənarda özlərini əsl centlmen kimi aparırlar. Lakin qalib hər zaman birdir. MFL tarixində ilk sezonun qalibi isə “GSP Logistics” komandası oldu.
MFL-in qalibi “GSP Logistics” əsas mükafata – 10 000 manata sahib çıxmaqla yanaşı ölkə xaricində futbol yarışında çıxış etmək hüququ qazandı. Qaliblərin mükafatlandırılmasından sonra fərdi olaraq mükafat qazananların da adları elan olundu.
Ən yaxşı bombardir “GSP Logistics”komandasının rəqib qapılarından 90 qol keçirən hücumçusu Elvin Əlizadə oldu.
Ən çox məhsuldar ötürmə edən futbolçu adını (50 qolluq ötürmə) “Juventus Baku”nun oyunçusu Cəbrail İsmayılov qazandı.
Hamıdan çox həlledici seyvlər edən qapıçı isə finalçı “Underdog”un dəri əlcək sahibi Musa Musazadə oldu.
Sezonun ən faydalı futbolçusu (MVP) adını isə turnirin ən güclü komandalarından olan “Beerbaşa”nın futbolçusu Kamil Məmmədov qazandı.
Bununla belə, komandaların 2017/2018-ci illər üzrə sentyabrın sonunda start götürəcək ikinci mövsümdə iştirakı üçün qeydiyyatına başlanıb.
Ətraflı məlumat üçün (070) 269 00 21 və (070) 269-00-16 nömrələri ilə, eləcə də [email protected] elektron poçtu vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.
Hazırladı Teymur Maksutov