Sevinc Fətəliyeva: Ermənistanın mülki əhaliyə hücumları vandalizm nümunəsidir
“Ermənistanın Azərbaycanın mülki əhalisinə hücumları vandalizmin nümunəsi olmaqla yanaşı, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır”.
1news.az-ın məlumatına görə, bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan təxribatçı hərkətlərini davam etdirir və bu, zaman-zaman işğalçı ölkənin Azərbaycanın mülki əhalisinə hücumları formasında özünü göstərir. Onun sözlərinə görə, erməni vəhşiliyinin nəticələri göz qabağındadır.
“Bir neçə gün öncə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tovuz rayonunda 13 yaşlı Ramin Yusifovun xəsarət alması bu vəhşiliyin növbəti nümunəsidir. Dünya ictimaiyyəti işğalçı Ermənistanın vandalizm aktlarını görür və bütün bunların beynəlxalq hüquq normalarına, insan hüquqlarına zidd olduğunu bilir.
Belə olan halda, dünya ictimaiyyəti - ayrı-ayrı beynəlxalq təşkilatlar Ermənistana qarşı müvafiq tədbirlər görməli, işğalçıya təsir və təzyiqlər göstərilməlidir. Bu, beynəlxalq hüququn tələbidir”- deyə, S.Fətəliyeva vurğulayıb.
Babək Cahandarov