Bu gün Müslüm Maqomayevin doğum günüdür – FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Müslüm Maqomayevin doğum günüdür – FOTO - VİDEO

12:30 - 17 / 08 / 2017
Bu gün Müslüm Maqomayevin doğum günüdür – FOTO - VİDEO

Bu gün SSRİ-nin və Azərbaycanın xalq artisti Müslüm Maqomayevin doğum günüdür.

1news.az xəbər verir ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.

19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.

1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçib. Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını hazırlayıb.

1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.

1975-ci ildə “Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri”nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb.

Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.

Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.

Bakıda tayı-bərabəri olmayan bu bariton səsi eşidən hər kəs istər-istəməz ona diqqət kəsilir, bu səsin sehrindən çıxa bilmirdi. Artıq 15-16 yaşında tanınırdı, öz pərəstişkarları vardı. Onu klublarda, məktəblərdə, institutlarda, hətta Bakı bulvarında oxumağa dəvət edirdilər. O isə bu dəvətlərin heç birini cavabsız qoymazdı.

Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.

O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” başlıqlı məqalə dərc edir.

1940-50-ci illərdə Rəşid Behbudov öz ecazkar tenor səsi ilə SSRİ-də və dünyanın digər ölkələrində şöhrət qazanmışdı. Onun gənc həmkarı Müslüm 1960-cı illərin ortalarında SSRİ-də və bir sıra digər ölkələrdə geniş tanındı. Təsadüfi deyil ki, Böyük Teatrın rəhbərliyi nəyin bahasına olursa-olsun onu öz truppasına cəlb etmək istəyirdi. İş hətta o yerə çatdı ki, SSRİ mədəniyyət naziri Yekaterina Furtseva Müslümü öz şəxsi himayəsinə götürdü.

Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən “La skala” teatrına təcrübə toplamağa göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı. İndisə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu.

Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdır və “Seviliya bərbəri” tamaşasında səhnəyə çıxır. Görkəmli pianoçu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. “Seviliya bərbəri” operasının hər tamaşası anşlaqla keçir və Bakı tamaşaçıları Fiqaronu – Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar.

O, Eldar Quliyevin filmlərinə musiqi yazırdı. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. “İqor polku haqqında dastan” əsərinin motivləri əsasında hazırlanmış “Yaroslavna” tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.

Müslüm Maqomayev Tamara Sinyavskaya ilə evlənmişdi.

Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılan vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib.

İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilib, 31 yaşında SSRİ-nin xalq artisti adını alıb.

Dünya şöhrətli müğənninin repertuarında 600-dək əsər var. O həm də gözəl mahnılar müəllifidir. Müslum Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların sırasında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi “Sənsiz” və “Sevgili canan” romanslarının xüsusi yeri var.

Onun xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan, vətənimizin himni kimi əzəmətli səslənən “Azərbaycan” mahnısı da ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir. Müğənni həm də “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilib.

Dünya şöhrətli müğənni Müslüm Maqomayev 2008-ci il oktyabr 25-də 66 yaşında vəfat edib və Bakıda Fəxri xiyabanda dəfn olunub.

M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycanın ali mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev bu il iyulun 31-də Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi ilə bağlı müvafiq Sərəncam imzalayıb. Bu Sərəncama uyğun olaraq ölkəmizin hər yerində dahi sənətkarın 75 illiyi silsilə tədbirlərlə qeyd olunacaq.

Babək Cahandarov

Paylaş:
789

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlarBu gün, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHIBu gün, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLARBu gün, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnibBu gün, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaqBu gün, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14
Bütün xəbərlər