Ağsuda beş uşaq atası amansızlıqla qətlə yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda beş uşaq atası amansızlıqla qətlə yetirilib

14:40 - 24 / 08 / 2017
Ağsuda beş uşaq atası amansızlıqla qətlə yetirilib

Ağsu rayonunda dəhşətli qətl hadisəsi törədilib.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, rayonun Gəgəli kəndində qadın yeniyetmə oğlu ilə birlikdə ərini baltalayaraq öldürüb.

Belə ki, 1970-ci il təvəllüdlü Şamiyev Şamxal ailə üzvləri tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib.

Onu arvadı 1976-cı il təvəllüdlü Şamiyeva Xalidə oğlu, 2000-ci il təvəllüdlü  Şamiyev Zeynal ilə birlikdə baltalayaraq öldürüblər. 

Qətlə yetirilən Ş.Şamiyev əvvəllər məhkumluq həyatı yaşayıb. O, qanunsuz silah saxladığı üçün həbs edilib və 6 ay bundan əvvəl həbsdən çıxıb. 

Kənd sakinlərinin sözlərinə görə, Ş.Şamiyevin üzərində qanunsuz odlu silah olması barədə arvadı X.Şamiyeva polisə məlumat verib və ərinin tutulması üçün məhkəmədə şahidlik edib. Ş.Şamiyev həbsdən çıxandan sonra ailədə tez-tez mübahisələr olub. Beş övlad - 3 oğlan, 2 qız atası olan Ş.Şamiyevlə həyat yoldaşı X.Şamiyeva arasında ötən gün yenidən mübahisə düşüb. Ötən gecə yarısı qətl hadisəsi baş verib.

Ş.Şamiyevin qardaşı Əhməd Şamiyev qardaşının belə amansızlıqla qətlə yetirilməsindən şoka düşdüyünü bildirib: "Qardaşım indiyə kimi heç kimə ziyan vurmayıb. Ötən gün bir məclisdə iştirak edirdik, heç spirtli içki də qəbul etmədi. Hadisə həmin gün məclisdən çıxıb evə gedəndən sonra olub. Yoldaşı qardaşımla yola getmirdi, uşaqları qardaşıma qarşı çıxmağa məcbur edirdi. Beş övlad atasını bu şəkildə öldürmək insanlığa sığmayan hərəkətdir".

Qeyd edək ki, hadisəni törədəndən sonra ana və oğul polisə könüllü olaraq təslim olub və hadisəni birgə törətdiklərini etiraf ediblər.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Babək Cahandarov

Paylaş:
583

Son xəbərlər

Bütün xəbərlər