XİN: Bu nazirlərin görüşü ərəfəsində Ermənistanın növbəti təxribatıdır
Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq aparılarkən atəşkəsin pozulması barədə Ermənistan Xarici İşlər Nazirliyinin twitter vasitəsilə yaydığı xəbər ucuz dezinformasiyadır.
1news.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“Monitorinqdə iştirak edən beynəlxalq missiyanın nümayəndələri tərəfindən atəşkəsin pozulması halı qeydə alınmadığı halda, Ermənistan tərəfi bu kimi yalanla çıxış edir.
Bu sentyabr ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində görüşü ərəfəsində Ermənistanın növbəti təxribatıdır. Ermənistanın məqsədi bu yolla gərginlik fonu yaratmaq və danışıqlara mənfi təsir etməkdir”- deyə, XİN rəsmisi qeyd edib.
Babək Cahandarov