Mətbuat Şurası “Vaşinqton post”da yer almış məqalə ilə bağlı bəyanat verib | 1news.az | Xəbərlər
Siyasət

Mətbuat Şurası “Vaşinqton post”da yer almış məqalə ilə bağlı bəyanat verib

22:34 - 05 / 09 / 2017
Mətbuat Şurası “Vaşinqton post”da yer almış məqalə ilə bağlı bəyanat verib

Mətbuat Şurası «Vaşinqton post»da yer almış məqalə ilə bağlı bəyanat verib.

1news.az-ın xəbərinə görə, Mətbuat Şurasının bəyanatında deyilir:

“Müxtəlif vaxtlarda Azərbaycana, dövlətimizin başçısına qarşı qərəzli təşəbbüslərin həyata keçirildiyinin şahidi olmuşuq. Belə bir qərəz kampaniyası bu günlərdə də aparılmaqdadır. Söhbət «The Organized Crime and Corruption Reporting Project» (OCCRP) adlı qurumun Böyük Britaniyanın «Gurdian» nəşrində, eləcə də Avropanın digər kütləvi informasiya vasitələrində dərc olunmuş hesabatından sonra «Vaşinqton post» qəzetində də bir gündə iki anti-azərbaycançı məqalənin yer almasından gedir.

Ölkəmizə münasibətdə planlı şəkildə reallaşdırıldığı şübhə doğurmayan təşəbbüsün hansı mərkəzlərdən  idarə olunduğu bəllidir. Azərbaycanın müstəqil daxili və xarici siyasətini gözü götürməyən qüvvələr, onların özünü bəsit iddialara inandırmış yerli əlaltıları, erməni lobbi və diaspor təşkilatları. «Vaşinqton post»da yer almış yazılar isə Avropa mediasında dərc edilmiş hesabatın timsalında çirkin kampaniyanın söz və ifadə azadlığından sui-istifadə tərəfidir. Bu sayaq cəhdlər Azərbaycanda cəmiyyətində, o cümlədən media ictimaiyyətində təəssüf və hiddət doğurur.

Azərbaycan cəmiyyəti 2017-ci il iyulun 20-də dövlət başçısının jurnalistlər üçün inşa edilmiş 255 mənzillik binanın açılışında iştirakının, media təmsilçiləri ilə səmimi təmaslarının şahididir. Cənab Prezident həmin gün jurnalistlər üçün yeni binanın təməlini qoydu. Dörd il öncə isə dövlət başçısı 156 mənzillik binanın açılışına qatılmışdı. Təəssüfləndirici haldır ki, «Vaşinqton post» Azərbaycan dövlətinin öz vətəndaşı olan jurnalistlərə yönələn bu sosial siyasətinə, humanist dəst-xəttinə fərqli don geydirməyə çalışır, məsələni təmənnalı münasibət müstəvisinə daşıyır.

Qətiyyətlə bildiririk ki, Azərbaycan dövləti, «Vaşinqton post»un iddia etdiyinin əksinə olaraq, heç vaxt jurnalistikanı hansısa təmənna ilə ələ almaq niyyətində olmayıb. Azərbaycan jurnalistləri də heç zaman düşünməyiblər ki, dövlətin onlarla bağlı siyasəti yaradıcılıqlarını məhdudlaşdıra, özünüsenzura meyli yarada bilər. Onlar bu gün də tam azad və sərbəst şəkildə fikirlərini ifadə edir, ən sərt tənqidi, düşündürücü materiallarla oxucularının görüşünə gəlirlər.

Bəli, Azərbaycan jurnalistləri yaşamaq üçün mənzilə, ümumən sosial-məişət və iş şəraitlərinin yaxşılaşdırılmasına ehtiyac duyublar. Bu ehtiyacın aradan qaldırılması dövlət siyasəti üçün də prioritet əhəmiyyət daşıyıb. Dövlətimiz nəzərə alıb ki, qayğısız jurnalistin əməyi demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşdirilməsi baxımından vacibdir.

Onu da düşünmək lazımdır ki, jurnalistlərin mənzil problemi Azərbaycanın müstəqilliyinin ilk illərindən aktual əhəmiyyət daşıyıb. Ölkəmizin media orqanlarının əsasən ayrı-ayrı xarici fondların, səfirliklərin maliyyəsindən asılı olduğu zaman kəsiyində də bu problemin həlli həyati zərurət daşıyıb. Həmin vaxt özlərini media himayədarı olaraq göstərənlər düşünməyiblər ki, jurnalistin zəhmətinin qarşılığının ödənilməsi onu mənzil sahibinə çevrilmək kimi təməl hüququna qovuşdurmur. Bunu düşünən Azərbaycan dövləti, onun Prezidentidir. Ancaq görünür, müəyyən dairələrə Azərbaycan jurnalistinin daim problemlər məngənəsində boğulduğunu, kirayələrdə yaşadığını görmək lazımdır. Məhz buna görə də onlar dövlətin sosial siyasətindən faydalanmağı təmənna olaraq qiymətləndirməkdə maraqlıdırlar. Sual yaranır: təmənna ali dəyərlər sayılan söz və ifadə azadlığı ilə imitasiya edib xarici təşkilatların anti-azərbaycançı təşəbbüslərində iştirakdır, yoxsa dövlət siyasətindən faydalanmaq?

«Vaşinqton post» jurnalistlərin mənzillə təminatı məsələsini qabardarkən «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi üzərində dayanır. Azərbaycan Mətbuat Şurası olaraq bununla bağlı mövqeyimizi bəyan etmişik. Əminik ki, M.Əliyevlə bağlı məsələ ədalətli şəkildə araşdırılacaq və qanuna müvafiq ölçü tədbiri götürüləcəkdir. Nəzərə alınmalıdır ki, dünyanın qabaqcıl ölkələrində olduğu kimi, Azərbaycanda da vergidən yayınma hallarına ciddi yanaşılır. Belə olan halda bəzi Qərb dairələrinin buna ölkəmizin timsalında əhəmiyyətsiz münasibət bəsləmələri də dərin təəssüf hissi doğurur. Onların Mehman Əliyevlə bağlı məsələnin tam şəkildə araşdırılmasını gözləmədən söz və ifadə azadlığı motivlərini qabartmaları da həmçinin. Şübhəsiz ki, bu, siyasi məqsədlərdən qaynaqlanmış açıq qərəz nümayişidir.

Azərbaycan dövləti medianın rolunu yüksək qiymətləndirib. Dövlət başçısı çıxışlarında jurnalistləri daim fəal olmağa, cəmiyyət həyatının ən müxtəlif tərəflərini işıqlandırmağa, nöqsanları diqqətə çatdırmağa, məmurları tənqid etməyə çağırıb. Ölkə Prezidenti hər zaman jurnalistikanın cəmiyyətdəki missiyasına həssas yanaşıb. Bu həssaslıq media ilə bağlı dövlət siyasətinin uğur formuludur. Qərəzə, hiddətə, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu kölgələməyə hesablandığı aşkar görünən hər hansı kampaniya bu uğurlu yolun qarşısını almaq iqtidarında deyildir”.

1news.az

Paylaş:
731

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər