Astana - gələcəyin şəhərindən reportaj - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Astana - gələcəyin şəhərindən reportaj - FOTO

12:59 - 05 / 09 / 2017
Astana - gələcəyin şəhərindən reportaj - FOTO

Astana Beynəlxalq Hava limanından məni qarşılayıb hotelə aparan sürücüyə “bir həftə Qazaxıstanda qalmaq çox deyil?” sualını ünvanladım. Sürücü isə "yox, əksinə çox azdır, Qazaxıstanda o qədər gəzməli, görməli  maraqlı yerlər var ki..." cavabını verdi. Amma öz fikrimdə qalırdım, ta ki, ölkə ilə tanışlığa başlayanadək…

Astana- yaxın gələcəyin şəhəri

Başlayaq paytaxt Astanadan… Bu şəhərlə tanışlıq zamanı ağlıma ilk gələn fikir bu oldu: Astana gələcəyin şəhəridir, özü də yaxın gələcəyin… Həqiqətən də yaxın gələcəkdə Astana regionun əsas mərkəzlərindən birinə çevrilməyi bacaracaq. 1998-ci ildən Qazaxıstanın paytaxtı olan şəhərin inkişafı üçün çox işlər görülür. Paytaxtda ilk diqqətimi çəkən isə səliqə -səhmanı oldu. Astanada bir milyon insan yaşayır. Şəhər tıxacdan və sıxlıqdan azaddır. İnsanlar regionlardan paytaxta axışmır, əksinə regionlarda iş imkanları daha genişdir. Hər addımda şəhərin xarici görnüşünə gözəllik verən, diqqəti çəkən nələrsə yaradılıb. Məsələn, parklar, maraqlı gül-çiçək kompozisiyaları, uşaqlar üçün açıq havada əyləncəli məkanlar və s. Astana həm də maraqlı arxitekturası ilə diqqəti cəlb edir.

“EXPO 2017” - dünyanın diqqəti Qazaxıstanda

Bu il həm də Qazaxıstanın baş şəhəri “EXPO 2017” beynəlxalq sərgisi ilə dünyanın diqqətini öz üzərinə çəkə bildi. İyunun 10-dan fəaliyyətə başlayan və 100-dək ölkənin, beynəlxalq təşkilatların iştirak etdiyi sərgi sentyabrın 10-da yekunlaşacaq. Sərgidə əsasən alternativ enerji mənbələri ilə bağlı çox maraqlı təqdimatlar nümayiş olunur. Pavilyonun 1-ci mərtəbəsində Qazaxıstanın tarixi, mədəniyyəti, adət-ənənələri və turizm potensialını əks etdirən stendlər, sərgilər, tematik görüntülər nümayiş olunur. Burada “Gələcəyin muzeyi” sərgisi iştirakçılarında böyük maraq oyadır. Ziyarətçilər “Nur Alem” kompleksində ümumiyyətlə rəqəmsal, interaktiv və multimedia texnologiyaları vasitəsilə ölkənin perspektiv planları ilə tanış olmaq imkanı əldə edə 

Azərbaycan pavilyononu da sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanır və ən çox ziyarət olunan pavilyonlar arasındadır.

Sərgini ziyarət etməyə həm ölkə daxilindən, həm də xaricdən çoxsaylı turistlər gəlir. İki dəfə sərgi ilə tanışlıq imkanım oldu və hər dəfə də böyük növbə ilə qarşılaşdım.  “EXPO 2017"nin bir məqsədi də ölkəyə turistlərin cəlbidir.  

Ümumiyyətlə, hazırda  Qazaxıstanda turizmin inkişafı üçün islahatlar həyata keçirlməkdədir. Hələ ki, ölkədə daxili turizm inkişaf edib. Xarici ölkələrə gəlincə isə ən çox Rusiya və  Çindən Qazaxıstana turistlər gəlir. Amma digər MDB dövlətləri və Avropa ölkələrindən olan turistlərə də rast gəlmək mümkündür.

Rus dili ölkənin ikinci rəsmi dilidir və hər kəs rusca danışa bilir. Amma qazax dilinin statusunun qaldırılması üçün də böyük işlər görülür. Latın qrafikasına keçidlə bağlı dövlət başçının qərarı da məhz buna hesablanıb.

Qazaxıstanda ən çox yeyilən at ətidir. At ətindən müxtəlif yeməklər hazırlanır. Deyilənə görə, kəsim üçün xüsusi atlar saxlanılır. Yəni minilmiş atı kəsmirlər. Çünki minilən at tərləyir və onun qəribə qoxusu ətə də keçir. At ətinin qiyməti təxminən 8 dollardır. At südü də çox xeyirlidir, dərman hesab olunur. Paytaxtda qiymətlər normal hesab edilə bilər. Ölkədə orta aylıq əmək haqqı təxminən 400 dollar təşkil edir. Ümumiyyətlə, insanlar prezident Nursultan Nazarbayevin siyasətindən razıdırlar. Söhbət etdiym şəxslər ölkədə həqiqətən böyük islahatların aparıldığını vurğulayırlar. Qazaxıstanda yoxsulluq aradan qaldırılıb. Biznesə başlamaq, iş qurmaq da çox asandır. Yeni ailə quranlara, yeni doğulmuş körpələrə dövlət tərəfindən xüsusi dəstək proqramları fəaliyyət göstərir. Mənzil növbəliliyi mövcuddur. Dövlət tərəfindən mənzillər inşa edilir və evi olmayanlara uzun müddətə əlverişli şərtlərlə kreditə verilir.

Təhsilin keyfiyyəti də yüksək səviyyədədir. Ölkədə ən nüfuzlu universitet Nazarbayev Universiteti sayılır. Burda təhsil ingilis dilindədir və xaricdən dəvət olunmuş müəllimlər çalışırlar. Ölkədə test sistemi mövcuddur. Amma orta məktəbin yekun imtahanından yüksək bal toplayan şagirdlər test imtahanı vermədən ali məktəblərə daxil olurlar. Dövlət qulluğuna qəbul da imtahan vasitəsilə həyata keçirilir.

İndi isə Astanın gəzməli- görməli yerləri barədə. Onu qeyd edim ki, Bakı ilə Astana arasında saat fərqi iki saat təşkil edir. Bakıdan Astanaya uçuş saatı üç saat yarımdır. Şəhərdə dünyanın məşhur hotel brendləri fəaliyyət göstərir.

Bayterek qülləsi

Əgər Astanaya yolunuz düşübsə, mütləq Bayterik qülləsini ziyarət edin. Bura Astananın simvolu hesab edilir yerləşdiyi ərazidə elə Bayterek meydanı adlanır.

Bayterik həyat ağacı deməkdir. 105 metr uzunluğundadır. Qüllə üzərində prezident Nursultan Nazarbayevin əl izi mövcuddur. Bu əl izinə əli qoyarkən isə Qazaxıstanın dövlət himni səsləndirilir. Bayterik həm də sülh və tolerantlıq əlaməti olaraq tanınır. Bayterik ərazisində Prezident sarayı, parlamentin hər iki palatasının binaları, Ali Məhkəmə, plazalar və digər tikililər yerləşir. İnsanlarınn əraziyə daxil olması, Prezident sarayı qarşısında gəzməsi, foto çəkdirməsi sərbəstdir.

Ümumiyyətlə, Prezident sarayı, şəhərin ən gözəl və əhəmiyyətli memarlıq quruluşlarından biridir. Sarayın hündürlüyü 80 metrdir, 36 min 700 kvadratmetrlik ərazidə tikilmiş saray “Akorda” adı ilə tanınır.

Xan Çadırı (Khan Shatyr)

Dünyanın ən böyük çadır şəhərciyi olan Khan Shatyr 150 metr yüksəklikdə, 10 futbol meydançası qədər ərazini əhatə edir. Bu tikili özünün qeyri-adi arxitekturası ilə fərqlənir. İçərisində mini golf meydançası, park, alışveriş mərkəzləri, qapalı plyaj və digər əyləncə məkanları var. Şəhərə gələn hər bir turist bu ərazini ziyarət edir.

Sülh və Tolerantlıq Piramidası

Sülh və tolerantlıq simvolu olaraq inşa edilmiş piramidanın xarici görünüşü Misir piramidaları formasındadır, amma daxili çox fərqlidir. 62 metr hündürlüyü olan piramidanın içərisində muzey yaradılıb, qədim Misir barədə məlumatlar yerləşdirilib. Burada konsert, iclas, konfrans zalları, opera, qış parkı var. Qazaxıstanda 130 millətin nümayəndəsinin yaşaması nəzərə alınaraq, piramidanın üst tərəfində 130 fərqli milləti təmsil edən göyərçinlər çəkilib, 18 fərqli dinlə bağlı məlumatlar yerləşdirilib.

Piramidanı ziyarət edən turistlər həm də Prezident Nazarbayevin burda konfrans zalındakı yerində əyləşib foto da çəkdirə bilirlər.

Həzrət Sultan məscidi

Həzrət Sultan məscidi Qazaxıstanın ən böyük, Mərkəsi Asiyanın isə ikinci böyük məscididir. Bu məscidin tikintisinə müxtəlif vaxtlarda 1000-dən 1500-ə qədər insan cəlb edilib. Məscid 2012-ci ildə açılıb. Məscid binası klassik İslam üslubunda, ənənəvi Qazax ornamentləri tətbiq edilməklə tikilib.

Esil çayının sağ sahilində yerləşən məscid  adi günlərdə 5 min, bayram günlərində isə 10 minə qədər insane qəbul edə bilir. Sahəsi 11 hektardan çoxdur, tikinti sahəsi isə 17.700 kvadratmetrdir. Məscidin künclərində 4 ədəd, hündürlüyü 77 metr olan minarə ucalır. Həzrət Sultan məscidi Qazaxıstanda ən böyük günbəzə malikdir. Günbəzin hündürlüyü 51 metr, eni isə 28 metrdir.

Məsciddə qadınların ibadəti üçün ayrıca yer nəzərdə tutulub. Ölkəyə gələn turistlərin ən çox ziyarət etdiyi məkanlardan biri də məhz bu məsciddir.

Qazaxıstan Milli muzeyi

Astanadakı müstəqilik meydanında yerləşən ölkənin ən böyük muzeyi 2014-cü ildə açılıb. Muzey kifayət qədər maraqlı və eksponatlarla zəngindir. Muzeylə tam tanış olmaq üçün xeyli vaxt tələb olunur. 11 zalda ölkənin qədim tarixi, qazaxların adət-ənənələri əks olunub.

Həmçinin, burada müstəqillik zalı da var ki, orada ölkənin müstəqillik aktı, digər sənədlər, bayrağı, gerbi və s. nümayiş olunur.

Mətbəxdə nə var?

Təbii ki, getdiyimiz ölkənin mətbəxi də bizim üçün çox önəmlidir. Çünki fərqli ölkələrin mətbəxi də fərqli olur. Yuxarıda qeyd etdiyim kimi Qazaxıstanda əsasən at əti yeyilir. At ətindən Qazaxıstanın milli yeməyi olan beşbarmaq, müxtəlif suplar, salatlar, xəmir yeməkləri, kabablar hazırlanır.

Əgər at əti yeyə bilmirsinizsə,  qoyun, mal, toyuq, qaz əti, balıq seçə bilərsiniz. Qaz ətindən də ən müxtəlif yeməklər, həmçinin beşbarmaq, kabablar, suplar hazırlanır. Qazaxıstanda özbək restoranları da çox məşhurdur. Xüsusilə özbək aşı, qazan kabab, özbək supları çox sifariş olunur.

Qiymətlərə gəlincə, 2200, 2500, 3000 min təngəyə menyuda yeməklər var.

Salatlar 1200 təngədən başlayır. Min təngə təxminən üç dollardır. Çaylar da müxtəlif qiymətlərədir. Burada çayı adətən südlə qarışdırıb içirlər. Sadə çay 500 təngə, müxtəlif  bitkilədən hazırlanan çaylar isə 1200 təngə və daha baha təqdim olunur. Amma paytaxtda Avropa, Çin, Azərbaycan restoranları da var.

Düzdür, Azərbaycan restoranı paytaxtdan bir qədər aralı yerləşdiyi üçün görmək imkanımız olmadı, amma dadanlardan eşitdik ki, mətbəximiz burada da çox sevilir. 

Astanadan bu qədər, növbədə isə Qazaxıstanın "mirvarisi" hesab edilən, dünyanın cənnət məkanlarından biri olan Burabay var...

Pərvanə Sultanova

Bakı-Astana

Paylaş:
5874

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər