10 və 201 saylı məktəblər əsaslı yenidənqurmadan sonra istifadəyə verilib – FOTO
Bakının Nizami rayonundakı 10 saylı tam orta məktəbin binasının əsaslı təmir və yenidənqurmadan sonra sentyabrın 5-də açılışı olub.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, məktəbin 1176 şagird yerlik mövcud korpusu 1979-cu ildən fəaliyyət göstərir. Məktəbin binasında bu günədək əsaslı təmir işləri aparılmamışdı. Burada da əsaslı yenidənqurma işləri “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirilib. Məktəbdə 49 sinif, 2 informatika, 3 laboratoriya otağı, idman və akt zalları, hərbi otaq və yeməkxana fəaliyyət göstərir. Yenidən qurulan məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb, otaqlar dərs vəsaitləri, internet, mebel-inventar və digər zəruri avadanlıqla təchiz edilib. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yeni yaşıllıq zolaqları salınır. Beləliklə, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir.
Bundan əlavə, Bakının Nizami rayonundakı 201 saylı tam orta məktəbin müəllim və şagird kollektivi yeni dərs ilində tədris prosesini əsaslı surətdə bərpa edilən və yenidən qurulan binada davam etdirəcəklər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu təhsil ocağında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, 201 saylı tam orta məktəbin binası iki korpusdan ibarətdir. Korpuslardan biri 1964-cü ildən, ikincisi isə 2007-ci ildən fəaliyyət göstərir. Burada da müasir tələblərə uyğun keyfiyyətli yenidənqurma işləri həyata keçirilib. Əsaslı təmir-bərpa işləri görülən məktəbin 68 sinif otağında 1400 şagirdin təhsil alması üçün hər bir şərait yaradılıb. Məktəbin 5 informatika, 3 laboratoriya otaqları, şahmat sinfi, idman və akt zalları, hərbi otağı, 2 kitabxanası və yeməkxanası da müasir səviyyədə yenidən qurulub.
Zəngin təbii sərvətlərə malik olan Azərbaycanda bu sərvətlərdən səmərəli istifadə olunmaqla insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən birini təşkil edir. Ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illərdə müasir məktəb binaları tikilir, mövcud təhsil müəssisələri üçün yeni korpuslar inşa olunur. Bu proses təkcə paytaxtı deyil, bölgələri də əhatə edib. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu proqrama güclü dəstək verib. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də 201 saylı tam orta məktəbdir. Bu təhsil ocağının həyətində də geniş abadlıq və quruculuq işləri görülüb. Həyətdə futbol, voleybol və basketbol meydançaları yaradılıb.
S.Xankişiyeva