Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin görüşü başlayır
Bu gün Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü başlayır.
1news.az xəbər verir ki, görüş xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə keçiriləcək.
Dünən hər iki ölkənin Xİn rəhbərləri görüşdə iştirak etmək üçün Bakıya gəliblər.
Xatırladaq ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 8 iyun 2012-ci ildə Trabzonda keçirilib.
28 mart 2013-cı ildə Batumidə adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən 2013-2015-ci illər üçün nəzərdə tutulmuş üçtərəfli sahəvi əməkdaşlıq üzrə Fəaliyyət Planı qəbul olunub.
19 fevral 2014-cü ildə Gəncə şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü baş tutub. Bunun ardınca həmin ilin 10 dekabr tarixində Qarsda, 19 fevral 2016-cı ildə isə Tbilisidə müvafiq olaraq dördüncü və beşinci üçtərəfli formatda görüşlər keçirilib.
P.Sultanova