XXIX Ümumdünya Yay Universiadasında medal qazanan idmançılar və onların məşqçiləri üçün mükafatların məbləği açıqlanıb
Prezident İlham Əliyev Çinin Taypey şəhərində keçirilən tələbələrin XXIX Ümumdünya Yay Universiadasında Azərbaycanın idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Çin Xalq Respublikasının Taypey şəhərində keçirilən Tələbələrin XXIX Ümumdünya Yay Universiadasında yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
1.1. birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
1.2. ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
1.3. üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat;
1.4. komandanın baş məşqçisinə idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
1news.az