İlham Əliyev “EXPO 2017 Astana” beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış olub - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev “EXPO 2017 Astana” beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış olub - FOTO

14:50 - 09 / 09 / 2017
İlham Əliyev “EXPO 2017 Astana” beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış olub -  FOTO

Sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada keçirilən “EXPO 2017” beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış olub.

1news.az xəbər verir ki, “EXPO 2017 Astana” milli şirkətinin rəhbəri Axmetjan Yessimov Prezident İlham Əliyevə sərgi barədə məlumat verdi.

Bildirildi ki, iyunun 10-da açılan sərgidə Azərbaycan da daxil olmaqla 115 ölkə, 22 beynəlxalq təşkilat təmsil olunur. “EXPO 2017 Astana” beynəlxalq sərgisinin ABŞ, Fransa, Almaniya, Yaponiya, Braziliya, Kanada, İngiltərə, İspaniya, Çin kimi ölkələrdən sonra Qazaxıstanda keçirilməsi enerji sahəsi üzrə əməkdaşlığın daha da inkişafına, həmçinin iştirakçı ölkələrdə tətbiq olunan yeni texnologiyaların mübadiləsinə imkan yaradır. Ümumi sahəsi 174 hektar olan sərgidə gələcəyin texnologiyaları, dünyanın enerjiyə qənaəti və bu sahədə ən son ixtiralar, yeniliklər, nüvə enerjisi kimi enerji növləri nümayiş etdirilir.

Dövlətimizin başçısı əvvəlcə “Azərbaycan - Enerji Yurdu (Azerbaijan Land of Energy) milli pavilyonu ilə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verildi ki, “EXPO 2017 Astana” sərgisində öz iştirakını təsdiq edən ilk ölkələrdən olan Azərbaycanın pavilyonu ən çox ziyarət edilənlər arasındadır. Sərgi müddətində Azərbaycan milli pavilyonunu ziyarət edənlərin sayı bir milyonu ötüb.

Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyi tərəfindən təşkil edilən Azərbaycan pavilyonu “Enerji Yurdu (Land of Energy) - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanıb. Milli pavilyonun konsepsiyası “Enerji Yurdu (Land of Energy) - keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanır.

Sərgi çərçivəsində iyulun 9-da pavilyonda Azərbaycan Milli Günü təşkil edilib və pavilyonun rəsmi təqdimatı olub.

Milli pavilyonda Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını, ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq idman yarışlarını əks etdirən film nümayiş olunur. Pavilyonda ziyarətçilərə Azərbaycanın tarixi-mədəni irsi, zəngin enerji potensialı, gələcək enerji mənzərəsi və dövlətimizin enerji siyasəti yüksək texnologiyalar vasitəsilə təqdim olunur. Üç hissədən ibarət pavilyonun giriş zalının dizaynı bükülmüş xalça formasındadır. Burada təqdim olunan foto və videomateriallar ziyarətçiləri Azərbaycan tarixinə səyahətə aparır. Bu hissədə Azərbaycan xalçaları, mətbəxi və musiqisinin incilərini yaxından görmək və Qobustan qayaüstü təsvirlərindən, “Atəşgah” məbədindən Bakının müasir memarlıq incilərinədək müxtəlif tarixi və modern tikililərlə tanış olmaq mümkündür.

Milli pavilyonda, həmçinin Azərbaycanın ənənəvi enerjidən alternativ enerjiyə qədər keçdiyi inkişaf prosesi, neft, neft məhsulları, qaz, elektrik, külək, günəş enerjisi ilə bağlı təqdimatlar nümayiş etdirilir. Külək enerjisinə həsr olunan eksponatlar və gələcəkdə Xəzər dənizinin Cilov və Pirallahı adaları arasında qurulması nəzərdə tutulan külək elektrik stansiyasının xəritəsi isə ölkənin gələcəyində külək enerjisinin əhəmiyyətini vurğulayır.

Pavilyonun ekspozisiyasında palçıq vulkanları, bioloji tullantıların utilizasiyasının yeni texnologiyaları, yeni enerji mənbəyi kimi qaz hidratları sahəsində Azərbaycanda aparılan araşdırma əsasında qurulan eksponat, karbohidrogen hasilatının ən uyğun ekoloji yolu kimi üfüqi qazma işləri və Azərbaycandan gətirilən real neft nümunələri təqdim olunur.

Xüsusilə də üç model – “Çıraq 1” platformasının modeli və onu tamamlayan Xəzər dənizində neft çıxarılmasında istifadə olunan orijinal qazma baltası, Azərbaycan istehsalı olan üçhissəli külək pəri və rotor qanadı ekspozisiyanın incisi hesab edilir.

Pavilyonda Azərbaycana virtual tur-səyahət də nəzərdə tutulub. İzləyicilər real xalça üzərində əyləşir, milli çalarlı musiqinin müşayiəti ilə 220 dərəcə bucaq altında əyilmiş videoproyeksiya vasitəsilə odlar və enerji yurduna fantastik uçuş edir, ölkənin rəngarəng mənzərələri ilə tanış olurlar. Bu isə sərgini izləyənlərdə böyük maraq oyadır.

Dövlətimizin başçısı sonra Qazaxıstan milli pavilyonu - “Nur Alem” ilə tanış oldu.

Qeyd edildi ki, sərginin ən böyük pavilyonu olan səkkizmərtəbəli “Nur Alem” pavilyonunun ümumi sahəsi 41,5 min kvadratmetrdir. Nəhəng kürə formasında hazırlanan pavilyonun hündürlüyü 100, diametri isə 80 metrdir.

Pavilyonun birinci mərtəbəsində Qazaxıstanın tarixini, mədəniyyətini, adət-ənənələrini və turizm potensialını əks etdirən stendlər, sərgilər, tematik görüntülər nümayiş olunur. Burada “Gələcəyin muzeyi” sərgisi xüsusilə böyük maraq oyadır. Ziyarətçilər “Nur Alem” kompleksində ümumiyyətlə rəqəmsal, interaktiv və multimedia texnologiyaları vasitəsilə ölkənin perspektiv planları ilə tanış olmaq imkanı əldə edə bilirlər.

“Nur Alem” pavilyonunun 2-8-ci mərtəbələrində enerjinin əsas mənbələrindən olan kosmos, günəş, biokütlə, külək, su və kinetika növləri nümayiş etdirilir. Pavilyonun fasadı, dizaynı isə EXPO-nun ümumu görünüşünü tamamlamaqla Astana sərgisinin simvoluna çevrilib.

Dövlətimizin başçısı “Nur Alem” pavilyonunun səkkizinci mərtəbəsindən Astana şəhərinin ümumi mənzərəsini seyr etdi.

Sonra Prezident İlham Əliyev “EXPO 2017 Astana” beynəlxalq sərgisinin xatirə kitabına ürək sözlərini yazdı.

Sonda xatirə şəkli çəkdirildi.

1news.az

 

Paylaş:
936

Son xəbərlər

“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38
Bütün xəbərlər