Türkiyə Azərbaycan Dərnəklər Federasiyası OCCRP layihəsinin “hesabatı” ilə bağlı etiraz bəyanatı yayıb
Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəklər Federasiyası “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” (OCCRP) layihəsinin “hesabatı” ilə bağlı etiraz bəyanatı yayıb.
1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, bəyanatda qeyd edilir ki, son günlər bəzi xarici ölkələrin kütləvi informasiya vasitələrində Azərbaycan haqqında əsası olmayan materialların yayılması ölkəmiz əleyhinə qarayaxma kampaniyasının tərkib hissəsidir:
“The Guardian” və “The Vaşiqnton Post” qəzetlərində dərc edilən məqalələrin hamısı uydurmadır, qərəzli düşüncənin məhsuludur.
Bunların arxasında beynəlxalq aləmdə saxtakar, fırıldaqçı, yalançı imicini qazanan qüvvələr dayanır. Belə qüvvələrlə əlbir olan erməni lobbisi Azərbaycana qarşı mütəmadi olaraq çirkin kampaniya aparır. Azərbaycan əleyhinə dərc edilmiş məqalənin müəlliflərindən birinin erməni əsilli şəxs olması kampaniyanın erməni lobbisinin dəstəyi ilə həyata keçirildiyini göstərir.
“Azərbaycan gənc dövlət olmasına baxmayaraq, müstəqil xarici və daxili siyasət aparır. Ərazisinin iyirmi faizi Ermənilər tərəfindən işğal edilmiş və bunun nəticəsində 1 milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Baş verənlərə dünya ictimaiyyəti eləcə də, “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” (OCCRP) adlanan təşkilat heç bir formada reaksiya verməyib”- deyə bəyanatda vurğulanır.
TADEF üzvləri bəyanatda Azərbaycan Prezidentinin siyasətini dəstəklədiklərini, doğma Vətənin milli maraqlarının müdafiəsi üçün hər cür fədakarlığa hazır olduqlarını vurğulayıblar.
S.Xankişiyeva