Erməni hərbi ekspert: Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrindən çəkinir
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuza göstərdiyi diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrimiz sürətlə inkişaf edir. Bu gün ordu quruculuğu dövlətimizin başçısının diqqət mərkəzindədir.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Ordunun döyüş hazırlığı səviyyəsinin artırılması, onun müasir hərbi texnika və vasitələrlə gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu gün Azərbaycanın güclü və sarsılmaz ordusu var.
Ötən ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun təxribatının qarşısını alarkən düşmənə sarsıdıcı zərbələr endirdi. Bu, ordumuzun gücünü bir daha nümayiş etdirdi. Azərbaycan Silahlı Qüvvələrinin vurduğu sarsıdıcı zərbədən düşmən hələ də özünə gəlməyib.
Azərbaycan Ordusunun gücünü bilən işğalçı Ermənistan ordusu daim qorxu içindədir. Bunu düşmən ölkənin hərbiçiləri, hərbi ekspertləri də çıxışlarında dəfələrlə etiraf ediblər. Onlar bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələri hərbi potensialına görə Ermənistan ordusundan qat-qat güclüdür.
Buna misal olaraq, Ermənistanın xəbər saytlarında dərc edilən Artyom Balasanov tərəfindən yazılmış “Azərbaycan növbəti müharibədə “üç cəbhə” strategiyasından istifadə edəcək” adlı məqaləni göstərmək olar.
Məqalədə Azərbaycanın gözlənilən hücum istiqamətlərindən bəhs edilir. Yazıda göstərilmiş məqamlar onu sübut edir ki, Ermənistan tərəfi Azərbaycanın təsir vasitələrindən, hərbi potensialından, Ordusunun döyüş imkanlarından qorxur və ehtiyatlanır. Bu amil də düşmən tərəfdə vahimə və xof yaradır.
Bununla da onlar Azərbaycan Silahlı Qüvvələrindən çəkindiklərini, qorxduqlarını boyunlarına alır, beləliklə də erməni əhalisini psixoloji cəhətdən məğlubiyyətə hazırlayırlar. Yəni, mövcud kriminal rejim gələcəkdə Ermənistanın təxribatı nəticəsində hərbi əməliyyatlar təkrar olunarsa, çoxlu itki verəcəklərinə və ərazi itirəcəklərinə dair əhalidə fikir formalaşdırmaqla məsələyə loyal yanaşılmasına, bunun normal hal kimi qəbul edilməsinə nail olmaq istəyir. Bununla onlar “Baxın, biz demişdik, Azərbaycanın gücü, hərbi texnikası, silah-sursatı, canlı qüvvəsi bizdən qat-qat artıqdır. Erməni xalqı bu məğlubiyyəti normal qarşılamalı və daha sıx birləşməlidir” deməklə ictimaiyyəti indidən gözlənilən ssenariyə qarşı hazırlamağa, özlərini haqlı çıxarmağa çalışırlar.
Bu istiqamətdə təbliğat aparmaqla, Azərbaycanın münaqişənin həlli istiqamətində atacağı addımlarla bağlı ekspert açıqlamaları tirajlamaqla, kriminal-hərbi siyasi rejim gələcək məğlubiyyətlərinə və uğursuzluqlarına haqq qazandırmağa can atır.
S.Xankişiyeva