İlham Əliyev: Bu gün imzalanacaq müqavilənin Azərbaycan üçün böyük əhəmiyyəti var
Bu gün Azərbaycan üçün əlamətdar və tarixi bir gündür. "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsində yeni dövr başlayır.
1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, bu gün imzalanacaq müqavilənin ölkəmiz üçün böyük əhəmiyyəti var: "Bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır. Bu kontrakt Azərbaycan üçün daha əlverişli, daha yaxşı şərtlərlə imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. SOCAR-ın payı 25%-ə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək. "Əsrin müqaviləsi" imzalanan zaman AÇG-də 511 milyon ton neft olduğu ehtimal edilirdi. Ancaq ehtiyatlar proqnozları üstələdi. Hazırda "Azəri-Çıraq-Günəşli"də hasil edilməmiş 500 milyon ton neft var".
Dövlət başçısı bildirib ki, Azərbaycan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılması ilə əlaqədar başqa şirkətlə də müqavilə imzalaya bilərdi: “Ancaq BP və "Əsrin müqaviləsi"ndə iştirak edən digər şirkətlərlə uğurlu əməkdaşlıq etdiyimiz üçün belə bir seçim edildi”.
Prezident İlham Əliyev bildirib ki, neft başağrısı da gətirə bilər: “Dünyanın neftlə zəngin olan müxtəlif ölkələrində müşahidə olunan mənzərə də bunu göstərir. Bizim əsas məqsədimiz isə neft gəlirlərini insan kapitalına çevirmək idi və buna nail olmuşuq. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, 11 min km-dən çox yolun inşa edilməsi neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə ilə bağlıdır. Neft Fondundan ayrılan vəsaitlə 250 min məcburi köçkünü 100-dən artıq qəsəbədə mənzillə təmin etmişik. Neft Fondunun gəlirləri və xərcləri şəffafdır. Parlament büdcəni təsdiqləyərkən Neft Fondunun vəsaitlərindən istifadəni də müəyyən edir”.
Dövlət başçısı qeyd edib ki, bu gün bütün Azərbaycan xalqı "Əsrin müqaviləsi"nin nəticələrini öz həyatında görür: "Bu gün yeni sənədin Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Mərkəzində imzalanması rəmzi məna daşıyır. 23 il əvvəl Heydər Əliyevin səyi ilə "Əsrin müqaviləsi" imzalanmışdı. Bu gün imzalanacaq sənəd göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq”.
Dövlət başçısı bildirib ki, "Səngəçal" dünyada ən böyük neft-qaz terminalıdır: “Azərbaycanda neft platformaları tikilir. Bunlar "Əsrin müqaviləsi"nin Azərbaycana verdiyi faydalardır. Dövlət Neft Fondu bizim üçün böyük bir amildir. Neftin qiymətinin düşməsi də bizi yolumuzdan döndərə bilmədi. Biz valyuta ehtiyatlarımızı artırırıq. "Şahdəniz", Cənub Qaz Dəhlizi layihəsinin həyata keçməsi ilə valyuta ehtiyatlarımız daha da artacaq”.
Dünyada ilk dəfə quruda sənaye üsulu ilə Azərbaycanda neft quyusu qazıldığını, dənizdə ilk dəfə neft çıxarıldığını nəzərə çatdıran prezident İlham Əliyev uğurların əldə olunmasında Azərbaycan neftçilərinin böyük xidmətləri olduğunu söyləyib.
ARDNŞ-də 9 il çalışmış şəxs kimi həm də özünü neftçi hesab etdiyini bildirən dövlət başçısı qarşıdan gələn peşə bayramı münasibəti ilə neftçiləri təbrik edib.
S.Xankişiyeva