İlham Əliyev: "Müntəzəm olaraq müxtəlif xarici dairələrin atəşinə məruz qalırıq"
Bizə qarşı müntəzəm olaraq müxtəlif kampaniyalar - qarayaxma, böhtan, şər kampaniyaları aparılır.
1news.az xəbər verir ki, bunu Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışından iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev məktəbin müəllim və şagird kollektivi ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: "Biz 25 ildən çoxdur ki, müstəqil ölkə kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik. Baxmayaraq ki, bizə qarşı müntəzəm olaraq müxtəlif kampaniyalar - qarayaxma, böhtan, şər kampaniyaları aparılır. Onların da məqsədi aydındır: Azərbaycanı ləkələmək, Azərbaycanı öz iradəsinə ram etmək və ondan sonra güclənən Azərbaycanın potensialından öz maraqları üçün istifadə etmək. Biz isə buna imkan vermirik və möhkəm dayanmışıq, milli maraqlarımızı qoruyuruq. Ona görə də müntəzəm olaraq müxtəlif xarici dairələrin atəşinə məruz qalırıq. Amma bu bizi heç vaxt yolumuzdan döndərə bilməz. Biz haqq yolundayıq".
İlham Əliyev bildirib: "Bugünkü Azərbaycan, bugünkü Azərbaycan reallıqları, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, inkişaf, tərəqqi, vətəndaş həmrəyliyi bizim böyük dəyərimizdir və bunu biz, Azərbaycan xalqı öz zəhməti, istedadı hesabına əldə edib. Əlbəttə ki, ölkəmizdə kifayət qədər güclü siyasi iradə var ki, xalqımızı kənardan bizə tuşlanan bütün atəşlərdən qoruyaq".
1news.az