AZƏRTAC və “Microsoft” lisenziyalı proqramların təşviqi istiqamətində əməkdaşlıq etmək niyyətindədir – FOTO
AZƏRTAC və “Microsoft” şirkəti lisenziyalı proqram təminatlarının təşviqi, cəmiyyətdə bu istiqamətdə maarifləndirmə işlərinin aparılması, informasiya təhlükəsizliyi, birgə layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq etmək niyyətindədir.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bununla bağlı məsələlər AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun “Microsoft” şirkətinin MDB İdarə Heyətinin üzvü Rustem İssenov, “Microsoft Azərbaycan” şirkətinin dövlət qurumları ilə iş üzrə rəhbəri Kamran Əsədov və qurumun biznesin inkişafı üzrə meneceri Kənan Axundov ilə görüşündə müzakirə olunub.
AZƏRTAC-ın öz fəaliyyətində texnoloji innovasiyaların və müasir informasiya təminatı həllərinin tətbiqinə böyük önəm verdiyini vurğulayan Aslan Aslanov agentliyin bu istiqamətdə dünyanın aparıcı KİV-ləri ilə əməkdaşlıq etdiyini deyib. Bildirilib ki, texnoloji sıçrayış fonunda müasir jurnalistikada baş verən sürətli dəyişikliklər xəbər agentliklərini də inkişafla ayaqlaşmağa sövq edir. Buraya informasiyanın operativ yayılması, idarə olunması və təhlükəsizliyi, o cümlədən müasir proqram təminatlarını aid etmək olar. Qonaqların diqqətinə çatdırılıb ki, hazırda iki böyük beynəlxalq media qurumuna – Dünya Xəbər Agentlikləri Konqresinə və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına rəhbərlik edən AZƏRTAC qeyd olunan məsələlərin bu təşkilatlarda da müzakirəsinə təşəbbüs göstərir. Baş direktor agentliyin “Microsoft Azərbaycan” şirkəti ilə sıx əlaqələrin qurulmasına, informasiyanın qorunması, lisenziyalı proqramların istifadəsinin cəmiyyətdə təşviqi və bununla bağlı informasiya dəstəyinin verilməsi istiqamətində əməkdaşlığa hazır olduğunu qeyd edib.
“Microsoft” şirkətinin MDB İdarə Heyətinin üzvü Rustem İssenov təmsil etdiyi qurumun Azərbaycanda hazırkı fəaliyyəti və görüləcək işlər barədə məlumat verərək AZƏRTAC ilə əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirib. “Microsoft Azərbaycan” şirkətinin biznesin inkişafı üzrə meneceri Kənan Axundov qurumun hazırladığı “Milli inkişaf planı” haqqında danışıb, cəmiyyətdə lisenziyalı proqramların istifadəsi ilə bağlı maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu, pirat proqramların informasiya təhlükəsizliyinə təhdid yaratdığını vurğulayıb. Əminliyini ifadə edib ki, AZƏRTAC ilə əməkdaşlıq bu sahədə irəliləyişə nail olmağa imkan yaradacaq.
Görüşdə jurnalistikanın transformasiyası, sosial medianın xəbər axınına təsiri, informasiyanın idarə olunması üçün proqram təminatlarından istifadə və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
S.Xankişiyeva