“Qarabağ”ın Çempionlar Liqasındakı ev oyununa bilet alanlara güzəştlər tətbiq ediləcək
AFFA və “Qarabağ” futbol klubu sentyabrın 27-də “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsində “Roma”, oktyabrın 5-də isə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya ilə ev oyunları keçirəcəyini nəzərə alaraq birgə layihə reallaşdıracaqlar.
1news.az AFFA-nın saytına istinadla xəbər verir ki, layihəyə əsasən, “Qarabağ”ın UEFA Çempionlar Liqası çərçivəsində ilk və milli komandanın cari seçmə mərhələdə son ev oyunu olduğundan, azarkeşlərin yüksək dəstəyinə hörmət əlaməti olaraq, onlar üçün güzəştlər tətbiq ediləcək. “Qarabağ”ın oyununa bilet alan azarkeşlər millinin Çexiya ilə qarşılaşması üçün bileti eyni sektordan olan yerə real qiymətindən əlli faiz ucuz əldə edəcəklər. Bunun üçün azarkeşlər millinin oyunu üçün bilet alarkən “Qarabağ” – “Roma” oyununun biletini kassalara təqdim etməlidir.
Hər iki oyuna bilet satışı “iTicket” şirkəti tərəfindən həyata keçirilir.
1news.az