Xələf Xələfov: Yaponiya Azərbaycanın etibarlı tərəfdaşıdır
Xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiyanın xarici işlər nazirinin parlament məsələləri üzrə müavini Manabu Horii ilə görüşüb.
1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşün əvvəlində tərəflər Azərbaycan hökuməti və Yaponiya hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların viza tələblərindən azad olunması haqqında notalar mübadiləsi həyata keçirdilər. Həmçinin, adi pasport sahibləri üçün viza rəsmiləşdirilməsi prosedurasının sadələşdirilməsi niyyəti ifadə edildi.
X.Xələfov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini məmnunluqla xatırlatdı və ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. O, Yaponiyanı Azərbaycanın etibarlı tərəfdaşı adlandırdı və Yaponiya hökumətinin bu illər ərzində ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi.
Nazir müavini “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması ilə əlaqədar yeni sazişin imzalanmasının mühüm tarixi əhəmiyyət kəsb etdiyini bildirdi və bu xüsusda, layihədə iştirak edən yapon şirkətlərinin fəaliyyətini təqdir etdi. Bununla yanaşı, ölkəmizdəki iqtisadi islahatlar çərçivəsində qeyri-neft sektorunda yeni layihələrdə Yaponiya şirkətlərinin iştirakının vacibliyi qeyd olundu.
Manabu Horii ölkəmizdə yapon şirkətlərinə yaradılmış əlverişli şəraitə görə Azərbaycan tərəfinə təşəkkür etdi və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirdi. O, enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın aparıcı rolunu yüksək qiymətləndirdi. Həmçinin, Manabu Horii GUAM+Yaponiya formatında mövcud əməkdaşlığın vacibliyini qeyd etdi.
Nazir müavini X.Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində aparılan son danışıqlar prosesi barədə yaponiyalı həmsöhbətinə ətraflı məlumat verdi və Yaponiyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirdi. O, Azərbaycanın işğal faktı ilə barışmayacağını və ərazi bütövlüyünü bərpa edəcəyini xüsusi vurğuladı.
Manabu Horii münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında tezliklə sülh yolu ilə həllinə ümidini ifadə etdi.
Həmçinin, tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd etdilər.
Nazir müavinləri qarşılıqlı maraq kəsb edən regional məsələlər barədə fikir mübadiləsi apardılar.
P.Sultanova