Azərbaycan Pekində Beynəlxalq Prokurorlar Assosiasiyasının İllik Konfransı və Ümumi Yığıncağında təmsil olunub – FOTO
Sentyabrın 9-dan 15-dək Çin Xalq Respublikasının paytaxtı Pekində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 44-cü iclası, 22-ci İllik Konfransı və Ümumi Yığıncağı keçirilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, “İctimai maraqların qorunması naminə cinayət təqibi - dəyişən cəmiyyətlərdə yeni çağırışlar və imkanlar” mövzusunda keçirilmiş konfransda 90 ölkədən 450 nəfər, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edib.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikası baş prokurorunun müavini – Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi, Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Nümayəndə heyətinin rəhbəri BPA-nın İcraiyyə Komitəsinin 44-cü iclasında çıxış edərək Azərbaycanın assosiasiya ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. İclasda 2002-ci ildə Bakıda qurumun İcraiyyə Komitəsinin iclasının keçirildiyi və tədbir iştirakçılarının ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunduğunu xatırlanıb. İcraiyyə Komitəsinin gələn il Bakıda keçirilməsi nəzərdə tutulan 45-ci iclası ilə əlaqədar ölkəmizə aid xüsusi hazırlanmış geniş videotəqdimat nümayiş etdirilib.
Assosiasiyanın Senatının iclasında Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, BPA-nın senatoru və fəxri üzvü Fikrət Məmmədovun dərin salamlarını çatdıran Kamran Əliyev qurumun inkişaf perspektivləri ilə bağlı müzakirələrdə fəal iştirak edib.
Sentyabrın 11-də Assosiasiyanın 22-ci İllik Konfransının və Ümumi Yığıncağının açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpinin müraciəti səslənib, Çinin baş prokuroru Çao Cianmin və BPA-nın prezidenti Gerhard Yaroş çıxış ediblər.
Tədbirdə Azərbaycanın nümayəndə heyəti fəal və səmərəli iştirak edib. Belə ki, korrupsiyaya qarşı mübarizə problemlərinə həsr olunmuş xüsusi iclasının aparılması Azərbaycanın nümayəndə heyətinin rəhbərinə həvalə edilib. K.Əliyev çıxışında Azərbaycanda korrupsiyaya qarşı mübarizə fəaliyyətinin Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə söykəndiyini bildirib, həyata keçirilmiş mütərəqqi hüquqi və institusional tədbirlər barədə ətraflı məlumat verib. O, Prezidentin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzlərinin korrupsiyaya qarşı mübarizədə əhəmiyyətini vurğulayıb.
Nümayəndə heyətinin rəhbəri ölkəmizin anti-korrupsiya strategiyasında beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb, bunun məntiqi nəticəsi olaraq, Azərbaycanın BPA-nın fəaliyyətinə əhəmiyyətli töhfələr verməklə xüsusi fəallıq göstərdiyini bildirib. K.Əliyevin cari iclasın gələcək inkişaf perspektivləri, mühüm və mürəkkəb məsələlərin həllində üzv ölkələrin rolu ilə bağlı konkret təklifləri müzakirələr nəticəsində qəbul edilib.
Korrupsiyaya qarşı mübarizənin qarşısında duran çətinliklərə həsr olunmuş xüsusi iclasda məruzəçi qismində iştirak edən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru İsfəndiyar Hacıyev sessiyanın yekunlarına dair hazırlanmış hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. İclasın sonunda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirləri özündə əks etdirən jurnallar, broşür və bukletlər tədbir iştirakçılarına təqdim edilib.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvlərinin BPA-nın prezidenti Gerhard Yaroş və digər rəsmilər ilə görüşləri keçirilib. Bundan başqa, nümayəndə heyəti Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və Estoniyanın baş prokurorları, eləcə də Böyük Britaniya, Kanada, Rusiya, Qazaxıstan, Özbəkistan, Ukrayna, Koreya Respublikası və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirərək, ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparıb.
Görüşlərdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı iştirak edib.
BPA-nın növbəti İllik Konfransın 2018-ci ilin sentyabrında Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilməsi qərara alınıb.
S.Xankişiyeva