24 ildən sonra səslənən ilk məktəb zəngi – Cocuq Mərcanlıdan REPORTAJ - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

24 ildən sonra səslənən ilk məktəb zəngi – Cocuq Mərcanlıdan REPORTAJ - FOTO

13:03 - 15 / 09 / 2017
24 ildən sonra səslənən ilk məktəb zəngi – Cocuq Mərcanlıdan REPORTAJ - FOTO

Bu gün göz önündə qurulub-çiçəklənən, hər gedişimizdə bir yenilik, inkişaf gördüyümüz Cocuq Mərcanlı kəndinin tarixində yeni bir səhifə açılır. 24 illik yurd həsrətindən sonra doğma torpaqlarına, xarabalıq üzərində yenidən qurulan yurd-yuvalarına qovuşmuş Cocuq Mərcanlı sakinləri bu gün daha bir bayram sevinci yaşayır: kənddə 24 ildən sonra yenidən məktəb zəngi səslənəcək. 

Addımbaşı rastlaşdığımız adamlar bir səmtə - doğma qəsəbələrində inşa edilən məktəbdə uzun illərdən sonra Bilik gününü bayram etməyə tələsirlər. Məktəb tərəfə gedənlərdən birinə yaxınlaşıb salam verirəm. Qəsəbə sakini İsmayıl Haqverdiyev bu günün nəinki cocuq mərcanlılar, eləcə də bütün Azərbaycan xalqı üçün əlamətdar olduğunu deyir: “Kəndimiz işğal olunanda düşmən yurd-yuvamızı, o cümlədən məktəbimizi viran qoymuşdu. Doğrudur, ötən 24 ildə heç kim təhsildən kənarda qalmadı. Hər kəs məskunlaşdığı yerdə oxudu, təhsil aldı. Ancaq insanın doğma yurdu başqadır. Bu gün kəndimizin ziya ocağı yenidən fəaliyyətə başlayır”.

Məktəbi göstərərək deyir: “Baxın, nə qədər adam toplaşıb. Bu gün hər birimiz üçün bayramdır. Axı, bu da bir qayıdışdır – təhsilimizə, gələcəyimizə qayıdış”.

Söhbət edə-edə məktəbə çatırıq. Bayraqlarla, əlvan şarlar, gül-çiçəklərlə bəzədilmiş həyətdə qələbəlikdir. Qəsəbə sakinləri, qonaqlar, müəllimlər, səliqəli geyimləri ilə diqqət çəkən şagirdlər... Hər kəsin çöhrəsində həyəcan qarışıq bir sevinc var. Xüsusən də ilk dəfə məktəbə gedəcək birincilərin və onların valideynlərinin.

Şagirdlərin əhatəsində dayanmış müəllimlərə yaxınlaşıram. Məktəbin direktoru Zamin Həziyev sıra ilə dayanmış şagirdləri göstərib fərəhlə deyir: “Hələlik 60-a yaxın şagirdimiz var. Tezliklə yeni evlərin də inşası başa çatacaq. O zaman şagird əlindən tərpənə bilməyəcəyik”.

Direktor müəllim heyətini təqdim edir. Şagirdlərin təlim-tərbiyəsi ilə 16 müəllim məşğul olacaq.

Mehribanlıqla gülümsəyən müəllimlərin içərisində tanış simaya rast gəlirəm. O, bir müddət əvvəl qəsəbədə inşaat işləri yekunlaşan vaxt müsahibə aldığım Siyasət müəllimədir. “Axır ki, çoxdan gözlədiyim gün gəlib çatdı. Bu gün mən ilk dəfə qəsəbəmizin uşaqlarının qarşısında fəxrlə “Uşaqlar mən sizin müəlliminizəm, doğma məktəbinizə xoş gəlmisiniz” deyəcəm. Bundan da böyük səadət olarmı”, - deyə Siyasət müəllimə sevincini belə ifadə edir.

Sonra direktor ilk pedaqoji fəaliyyətinə Cocuq Mərcanlı məktəbində başlayacaq gənc müəllimləri göstərir. Onlardan biri də riyaziyyat müəlliməsi Leyla Maqsudovadır. O deyir: “Bu gün bizim üçün, sözün əsl mənasında, tarixi gündür. Həm sevib-seçdiyimiz müəllimlik fəaliyyətinə başlayırıq, həm də Cocuq Mərcanlının yeni tarixinin şərəfli səhifələrini birgə yazırıq. Sevincimiz hədsizdir. Gənc müəllim kimi bizə və Cocuq Mərcanlı sakinlərinə bu sevinci yaşadan Prezidentimizə minnətdarlığımı bildirirəm”.

Növbəti müsahibim məktəbli geyimindəki kiçik qızın əlindən tutmuş qadındır.

- Yəqin nəvənizdir? - deyə soruşuram.

- Bəli, dövlətimiz var olsun. Qəsəbədə gözəl mənzillə təmin

olunmuşuq. Bu gün isə sevincimizin üstünə daha bir sevinc də gəlir. Nəvəm ilk dəfə məktəbə qədəm qoyur. Həm də doğma kəndimizdəki məktəbə. Bizə bu günləri yaşadan Prezidentimizə çox-çox minnətdaram.

Balaca qızdan adını soruşuram. “Zemfiradır”, - deyir.

- Nə qəşəng çantan var, yəqin içi də doludur?

- Bəli, qələm, xətkeş, dəftər, hamısını hədiyyə ediblər.

- Onları sənə kim verib?

Qızcığac duruxur, bir qədər fikirləşib deyir:

- Yaxşı əmilər.

Ətrafdakıların üzündə təbəssüm yaranır.

- Başqa nə hədiyyə ediblər?

Zemfira düşünmədən hamının ürəyindən keçən cavabı verir:

- Bu məktəbimizi.

...Düşmən əlindən qurtulmuş Cocuq Mərcanlının işıqlı gələcəyindən soraq verən bu bilik ocağında ilk zəng səslənir. Əllərində gül-çiçək tutmuş məktəblilər və müəllimlər siniflərə daxil olurlar. İnanırıq ki, zamanın ağır sınaqlarını geridə qoymuş Cocuq Mərcanlı uşaqlarını öz qoynuna alan bu məktəbdə çiçəklənən Azərbaycan üçün bilikli və layiqli vətəndaşlar yetişdiriləcək.

AZƏRTAC

Paylaş:
803

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər