Elmar Məmmədyarov Azərbaycanda təhsil almış laoslu tələbələrlə görüşüb - FOTO
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Laosa rəsmi səfəri çərçivəsində ölkəmizdə təhsil almış laoslu məzunlar qrupu ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Elmar Məmmədyarov təhsil sahəsinin Azərbaycan və Laos arasında ikitərəfli humanitar münasibətlərdə xüsusi yer tutduğunu və bu sahədə tarixə söykənən ənənəvi əməkdaşlığın davam etdirilməsinin və genişləndirilməsinin vacib olduğunu qeyd edib. O, həmçinin Laosa rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə təhsil sahəsində əlaqələrin inkişafı üçün qarşılıqlı xoş niyyətin ifadə edildiyini bildirib.
Görüşdə məzunlar adından çıxış edən Laosun hakim partiyasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri, Attepeu əyalətinin qubernatoru, xarici işlər nazirinin müavini və mədənçilik və enerji nazirinin müavini Azərbaycan və Laos arasında dostluq körpüsünün əsasını qoyduqlarını bildirərək, müxtəlif dövrlərdə göstərilmiş kömək və dəstəyə görə Azərbaycana təşəkkür ediblər. Həmçinin Azərbaycanda təhsil almış tələbələrin hazırda Laosun müxtəlif dövlət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını əlavə ediblər.
Onlar, həmçinin Azərbaycanda təhsil almış laoslulardan ibarət Assosiasiyanın yaradılması təşəbbüsü ilə çıxış ediblər. Nazir E.Məmmədyarov Assosiasiyanın yaradılmasının humanitar sahədə, xüsusilə təhsil sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini vurğulayıb və təşəbbüsü dəstəklədiyini bildirib.
1news.az