Həmməruzəçilər Azərbaycana səfərlərinə dair bəyanat yayıb
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Azərbaycana səfərlərinin yekununa dair bəyanat yayıblar.
1news.az AŞPA-nın saytına istinadən xəbər verir ki, bəyanatda həmməruzəçilər 14-16 sentyabr tarixlərində Azərbaycana fakt-araşdırıcı səfər həyata keçirdiklərini qeyd ediblər.
Onlar Prezidentin həbsxana sisteminin fəaliyyətinin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşməsi üzrə sərəncamını alqışlayıblar:
“Biz hakimiyyət nümayəndələri ilə bu qərarın həyata keçirilməsini təmin etmək istiqamətində atılacaq növbəti addımları müzakirə etdik”.
Həmməruzəçilər Faiq Əmirlinin azadlığa çıxmasını təqdir ediblər. Onlar “Turan” informasiya agentliyində olduqlarını, həbsdən azad edilmiş baş redaktor Mehman Əliyevlə görüşdüklərini vurğulayıblar, agentliyə qarşı vergi sanksiyalarının aradan qaldırılmasına dair xəbərləri alqışlayıblar.
Azərbaycanın hakimiyyət orqnlarına açıq müzakirələr və davamlı dialoq üçün təşəkkür ediblər. Bakıda dövlət başçısı, Prezident Administrasiyasının rəhbəri, ədliyyə nazirinin müavini, parlamentin spikeri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri, vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlərlər görüşdüklərini qeyd ediblər.
Bəyanatda vurğulanıb ki, Monitorinq Komitəsinin sentyabrın 7-də qəbul etdiyi hesabat əsasında oktyabrın 11-də AŞPA-nın plenar sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” mövzusunda debat təşkil olunacaq.
P.Sultanova