Nazirlik: “Gazelli Group”a məxsus anbarda yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB

“Gazelli” kosmetika zavodunun anbarında baş verən yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib.
1news.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, tüstüdən zəhərlənən 1 qadın və 9 kişiyə yerində yardım göstərilib.
Onların hamısının vəziyyəti yüngül olub, heç kim xəstəxanaya aparılmayıb.
İlkin tibbi yardım göstərildikdən sonra onlar evə göndəriliblər.
"Gazelli Group" şirkətinin mətbuat xidmətinin rəhbəri Yelena Sidorenko "Facebook" səhifəsində yazıb ki, şirkətə məxsus anbarların birində qısaqapanma baş verib.
“Qısaqapanmanın yanğına çevrilməsinin qarşısı qısa müddət ərzində alınıb. Hazırda heç bir problem yoxdur. Hadisə zamanı şirkət əməkdaşlarının və ətrafda olan insanların sağlamlığına heç bir zərər dəyməyib. Bəzi KİV-də guya hadisə zamanı bir neçə insanın halının pisləşməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hadisənin nədən baş verdiyi ilə bağlı araşdırmalara başlanılıb, istintaq davam edir, nəticələr ictimaiyyətə açıqlanacaq”, - deyə Y. Sidorenko qeyd edib.
17:50
Bakının Xəzər rayonu ərazisində "Gazelli Group"a məxsus anbarda baş vermiş yanğın saat 17:00-da söndürülüb.
1news.az-ın az Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi xəbərə görə, yanğınsöndürmə işlərində Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikası iştirak edib.
Əlavə məlumat veriləcək.
***
17.27
“Gazelli” kosmetika zavodunun anbarında baş verən yanğınla əlaqədar hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb edilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-a verilən xəbərə görə, tüstüdən boğulan 7 nəfərə yerindəcə ilkin tibbi yardım göstərilib.
Nazirlikdən bildirilib ki, yanğında digər zərərçəkənlərin olması ilə bağlı hələlik məlumat yoxdur.
S.Xankişiyeva