Elmar Məmmədyarov: “Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir”
Azərbaycan beynəlxalq ictimaiyyətin digər üzvləri kimi dünyanın müxtəlif yerlərində baş verən, bəzi regionlarda siyasi qeyri-sabitliyə, irimiqyaslı yerdəyişmələrə və misligörülməmiş humanitar böhranlara yol açan müharibə və silahlı münaqişələrlə bağlı ciddi narahatdır. İsrail-Fələstin münaqişəsinin həll edilməməsi yalnız bu regiona deyil, beynəlxalq təhlükəsizliyə də təhdid yaradır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclasında çıxışında deyib.
Nazir bildirib ki, Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir və Fələstin xalqının yanındadır: “Azərbaycan Fələstin münaqişəsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini dəstəkləyir. Bu xüsusda, qardaş Fələstin xalqının sülh, sabitlik və inkişaf uğrunda mübarizəsinə Azərbaycanın tam dəstəyini bir daha bəyan etmək istərdim. Qoşulmama Hərəkatının gələcək sədri kimi, münaqişənin beynəlxalq hüquq və Hərəkatın qəti mövqeyi əsasında sülh yolu ilə həllinə töhfə vermək məqsədilə Azərbaycan bu funksiyadan istifadə etməyə çalışacaq”.
XİN rəhbəri qeyd edib ki, Azərbaycan və Fələstin arasında sıx siyasi dialoq mövcuddur və müxtəlif səviyyələrdə müntəzəm məsləhətləşmələr keçirilir: “Azərbaycanın Fələstin hökuməti və xalqına davamlı dəstəyi müxtəlif səviyyələrdə təkrarlanmışdır və Fələstin dövlətinə dəstəyi davam etməkdədir. 2016-cı ilin mayında Azərbaycandan yüksək səviyyəli nümayəndə heyəti Ramallaha rəsmi səfər etmiş və səfər çərçivəsində praktik əməkdaşlığın daha da intensivləşdirilməsini nəzərdə tutan ikitərəfli müqavilələr imzalanmışdır. Həmçinin, Fələstinin Xarici İşlər Nazirliyinin nümayəndələrindən ibarət heyət 2017-ci ilin fevral ayında Bakıya səfər etmişdir. Ortaq dəyərlər və mədəniyyətdən irəli gələrək, Fələstin və Azərbaycan tarixən bütün beynəlxalq forum və təşkilatlarda əməkdaşlıq etmiş və bir-birini dəstəkləmişlər. Bu həmrəylik ruhu müxtəlif mərhələlərdə öz sübutunu tapmışdır. Azərbaycan 2013-cü ildə “Əl-Qüds Əl-Şərif şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı” və “Fələstin Dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” kimi iki uğurlu konfransa ev sahibliyi etmişdir və Müqəddəs şəhərin infrastrukturunun inkişafı və saxlanılması üçün mühüm ianə ayırmışdır”.
E.Məmmədyarov deyib ki, bu il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının dəstəyi və BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının himayəsi ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi etmişdir: “Konfransda Şərqi Qüdsün işğal altındakı son durumu haqqında ən yeni məlumatlar bölüşüldü, son hadisələr təhlil edildi və praktiki yollar araşdırıldı. 5-ci onillikdir davam edən İsrail-Fələstin münaqişəsi humanitar hüquq və insan haqları da daxil olmaqla, beynəlxalq hüquq çərçivəsində nizamlanma baxımından kollektiv, təxirəsalınmaz və qətiyyətli fəaliyyətin təcililiyini zəruri edir. Fələstin məsələsinin beynəlxalq hüquq və müvafiq BMT qətnamələri əsasında ədalətli və davamlı həllinə nail olunması beynəlxalq müdaxilə və münaqişənin özül səbəblərinin aradan qaldırılması üçün siyasi iradə tələb edir. Fürsətdən istifadə edərək, biz bir daha Fələstin xalqını ayrılmaz hüquqlarının və sülh, azadlıq və ədalət naminə qanuni iradələrinin reallaşdırılması istiqamətindəki səylərini dəstəklədiyimizi bəyan edirik”.
1news.az