“The Jerusalem Post”: “Nəyə görə Azərbaycan Amerika yəhudi lobbisi üçün zəruridir?” | 1news.az | Xəbərlər
Siyasət

“The Jerusalem Post”: “Nəyə görə Azərbaycan Amerika yəhudi lobbisi üçün zəruridir?”

19:28 - 21 / 09 / 2017
“The Jerusalem Post”: “Nəyə görə Azərbaycan Amerika yəhudi lobbisi üçün zəruridir?”

Bu gün bütün dünya yəhudiləri Roş-Ha-Şana bayramını – yəhudi Yeni İlini qeyd edəcək.

Əslində bu bayramın adının mənası “İlin Başı” deməkdir. Yəni insanın başı onun hərəkətlərinə nəzarət etdiyi kimi, Roş-Ha-Şana bayramı da ilin qalan hissəsinə çox böyük təsir göstərir. Həmin gün Ulu Tanrıya dua edərək bizə sülh, firavanlıq ili və xeyir-dua bəxş etməsini diləyirik.

İsrail Dövlətinin strateji tərəfdaşı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ənənəyə görə, hər il bu bayram ərəfəsində öz ölkəsinin yəhudi icmasına müraciət edir və bu müqəddəs bayram münasibətilə yəhudi xalqını təbrik edir.

AZƏRTAC xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut bu haqda İsraildə çıxan ən nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetinin 20 sentyabr tarixli nömrəsində dərc edilmiş “Nəyə görə Azərbaycan Amerika yəhudi lobbisi üçün zəruridir?” sərlövhəli məqaləsində yazır.

Məqalə müəllifinin sözlərinə görə, Prezident İlham Əliyev öz təbrik məktubunda vurğulayır ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan bu gün multikultural ənənələrin qorunub saxlanıldığı, ayrı-ayrı dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və etimad mühitinin mövcud olduğu nadir məkanlardandır.

Azərbaycan Prezidentinin təbrik məktubunda deyilir: “Azərbaycanda məskunlaşıb yaşayan yəhudi icmasının cəmiyyətimizdə özünəməxsus yeri vardır. Əlamətdar haldır ki, yəhudi vətəndaşlarımız ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fəal vətəndaş mövqeyi nümayiş etdirirlər.

Roş-Ha-Şana özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirən bir bayramdır. Yəhudi xalqının bu əziz günü qoy hamınızın həyatına xoş ovqat, ailələrinizə xoşbəxtlik və sevinc gətirsin.

Bayramınız mübarək olsun!”.

Bundan bir neçə gün sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda ABŞ-ın israilpərəst lobbi təşkilatlarının nümayəndələri – Amerika Yəhudi Təşkilatının, “Bnai Brith International” Təşkilatının, Ümumdünya Yəhudi Konqresinin, Avrasiya yəhudilərini dəstəkləyən Milli Koalisiyanın, Şimali Amerika Yəhudi Federasiyalarının, Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının rəhbərləri ilə görüşüb.

Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı vitse-sədri, baş icraçı direktor Malkolm Honlayn görüşdə çıxış edib. O deyib ki, nümayəndə heyətində təmsil olunmuş təşkilatlar Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verirlər. Malkolm Honlayn Bakıda Prezident İlham Əliyev ilə görüşü məmnuniyyət hissi ilə xatırlayaraq qeyd edib ki, Azərbaycan ona müasir və dinamik inkişaf edən bir ölkə kimi çox dərin təsir bağışlayıb. O, Azərbaycan ilə ABŞ arasında, həmçinin Azərbaycan ilə İsrail arasında səmərəli əməkdaşlıq olmasını məmnuniyyətlə vurğulayıb.

Prezident İlham Əliyev yəhudi təşkilatlarının bu görüşdə iştirak edən rəhbərlərindən çoxunun Azərbaycanda olmasını xatırlayaraq qeyd edib ki, onlar ölkəmizin qazandığı uğurlar barədə məlumatlandırılıb. Azərbaycan dövlətinin başçısı Azərbaycanda gedən inkişaf prosesləri barədə məlumatın yayılmasının vacibliyini vurğulayıb. Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident ilham Əliyev Azərbaycan-İsrail əlaqələrinin inkişafından məmnun olduğunu bildirib.

Söhbətin gedişində Amerika yəhudi təşkilatlarının rəhbərləri Azərbaycanda digər icmalar kimi, yəhudi icmasının da qarşılıqlı anlaşma və əmin-amanlıq şəraitində yaşaması üçün yaradılmış şəraitə görə minnətdarlıq bildiriblər. Onlar Azərbaycanda sabitliyin və təhlükəsizliyin yüksək səviyyədə olmasını qeyd edərək Odlar Yurdunun multikulturalizm və tolerantlıq siyasətinə sadiq olmasını yüksək qiymətləndiriblər.

Məqalədə qeyd edilir ki, bir il bundan əvvəl Ümumdünya Yəhudi Konqresinin (WJC) prezidenti Ronald Lauder başda olmaqla WJC-nin, Avrasiya Yəhudi Konqresinin və Rusiya Konqresinin (RJC) nümayəndə heyəti Bakıda səfərdə olub və orada danışıqlar aparıb.

Məqalə müəllifi vurğulayır: “Lauder Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə əhalisinin əksəriyyəti müsəlmanlar olan bu keçmiş sovet respublikasında yəhudilərin vəziyyəti çox yaxşı səviyyədə olmasını qeyd edib və buna görə Azərbaycan dövlətinin başçısına səmimi təşəkkürünü bildirib. Prezident Əliyev də öz növbəsində vurğulayıb ki, o özü və onun administrasiyası Azərbaycandakı yəhudi icması ilə, İsrail Dövləti ilə, həmçinin Ümumdünya Yəhudi Konqresi kimi beynəlxalq qeyri-hökumət təşkilatları ilə “əla münasibət” qurublar. İlham Əliyev deyib ki, aşkinazi yəhudiləri, Avropa yəhudiləri və dağ yəhudiləri iki min ildən çoxdur Azərbaycan ərazisində yaşayır. Bütün bu dini və etnik icmalar ölkəmizdə bir-birilə harmoniya şəraitində yaşayıblar və yaşayırlar”.

Arye Qutun sözlərinə görə, Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti və eyni zamanda Rusiya Yəhudi Konqresinin prezidenti olan Yuri Kanner görüşdən sonra deyib: “Prezident İlham Əliyevi və Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauderi maraqlandıran bütün mühüm məsələlər barəsində çox səmimi və məzmunlu diskussiya oldu. Bu gün burada baş verən prosesləri anlamaq və qeyd etmək lazımdır ki, bu proseslər əhalisinin əksəriyyəti müsəlmanlar olan digər ölkələr üçün nümunədir. Görüşün bütün iştirakçıları bu multikulturalizm modelinin uğurlu olmasını qeyd etdilər”.

Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti Qod Nisanov görüşdəki çıxışında deyib: “Çox şadam ki, Prezident İlham Əliyevlə görüş olduqca yüksək səviyyədə keçdi, bu görüş Azərbaycanda yaşayan yəhudilər üçün də böyük əhəmiyyət kəsb edir. Əslən Azərbaycandan olan bizlər üçün böyük şərəfdir ki, Ümumdünya Yəhudi Konqresinin prezidenti Azərbaycana səfər edib. Ümidvaram ki, nümayəndə heyətinin Azərbaycanın firavanlasan və gözəl ölkə olmasını, burada heç vaxt antisemitizmə yer olmadığını və indi də yer olmamasını öz gözləri ilə görüb qiymətləndirməyə imkanı olacaq”.

Məqalə müəllifi yazır ki, Ümumdünya Yəhudi Konqresinin nümayəndə heyətinin Azərbaycan səfərinin təşəbbüskarı əslən Azərbaycandakı yəhudilər yaşayan məşhur Qırmızı Qəsəbədən olanlar - Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti Qod Nisanov və Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev olublar. Arye Qut yazır:

“Nisanov və Zaxaryayev Ümumdünya Yəhudi Konqresinin nümayəndə heyətinə Qırmızı Qəsəbənin tarixi, Azərbaycan və yəhudi xalqlarının dostluğu və qardaşlığı, Azərbaycan rəhbərliyinin və Azərbaycan xalqının yəhudi icmasına hörmətli və səmimi münasibəti barədə ətraflı məlumat veriblər. Azərbaycanın Quba rayonundakı qədim Qırmızı Qəsəbə Azərbaycanın fəxri, İsrail hüdudlarından kənarda dağ yəhudilərinin məskunlaşdığı yeganə məkan sayılır. Azərbaycan yəhudiləri və Azərbaycan müsəlmanları bu regionda əsrlər boyu harmonik və səmimi yaşayıblar. Azərbaycanda müsəlmanlar və yəhudilər bir sıra parametrlərə görə - ortaq tarix, ortaq vətəndaşlıq, dostluq, qarışıq nikahlar, təcrübə, habelə erməni daşnak partiyasının Azərbaycanda yaşayan minlərlə yəhudini və müsəlmanı məhv etdiyi 1918-1919-cu illərin faciəli hadisələri ilə bir-birinə bağlıdır”.

İsrailli ekspertin fikrincə, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə və təcavüz nəticəsində ölkə ərazinin 20 faizinin işğal edilməsinə, bir milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq Azərbaycan bu gün də sivilizasiyalararası və konfessiyalararası dialoqun əsl nümunəsidir. Məqalə müəllifi yazır: “Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin təməl daşlarıdır. Azərbaycan milli multikulturalizm və tolerantlıq ənənələrinin inkişaf etməsi və möhkəmlənməsi üçün zəruri siyasi və sosial şərait yaratmaqdan ötrü uzlaşdırılmış səy göstərir”.

Qut vurğulayır ki, İsrail Dövləti Azərbaycan xalqının və Prezident İlham Əliyevin, həmçinin Azərbaycan rəhbərliyinin yəhudi icmasına səmimi və unikal münasibətinə görə dəfələrlə minnətdarlığını və təşəkkürünü bildirib.

“The Jerusalem Post” qəzetində dərc edilmiş məqalədə Ronald Lauderin keçən il sentyabr ayında Azərbaycana səfəri zamanı dediyi sözlər sitat gətirilir: “Dünyada belə analoqlar yoxdur. Düşünürəm ki, Qırmızı Qəsəbə başqa ölkələrdən ötrü əla nümunədir. Azərbaycan multikulturalizm sahəsində öz uğurları ilə fəxr edə bilər. Mən Ümumdünya Yəhudi Konqresinin prezidenti kimi, Azərbaycan xalqının və Azərbaycan rəhbərliyinin yəhudi icmasına hörmətli və səmimi münasibətini yüksək qiymətləndirirəm və Azərbaycan Prezidenti İlham Əliyevə səmimi təşəkkürümü bildirmək istəyirəm”.

Məqalənin müəllifi Arye Qut İsrail-Azərbaycan qarşılıqlı münasibətləri məsələsinə toxunaraq göstərir ki, 2016-cı ilin dekabrında İsrailin Baş nazirinin Azərbaycana səfəri tarixi hadisə oldu. Məqalə müəllifi vurğulayır: “Binyamin Netanyahu 1997-ci ilin avqustunda Bakıda yolüstü səfərdə olub, lakin 2016-cı ilin dekabr səfəri tarixi hadisə idi, çünki bu, İsrail hökumətinin başçısının Cənubi Qafqaz regionuna ilk rəsmi səfəri idi. İsrailin Baş nazirinin və Azərbaycan Prezidentinin Bakıdakı bu görüşü bir daha təsdiq etdi ki, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir, bu münasibətlərin iqtisadi tərkib hissəsi və ticarət dövriyyəsi daim artmaqdadır. İsrail Azərbaycan neftinin iri idxalatçısına çevrilib, İsraildəki texnoloji şirkətlər rəsmi Bakıya telekommunikasiya, kənd təsərrüfatı, irriqasiya, yüksək texnologiyalar, müdafiə sənayesi və hərbi sənaye sahələrinə aid layihələrin həyata keçirilməsində kömək edirlər”.

Qut qeyd edir ki, İsrail 25 il bundan əvvəl Cənubi Qafqazda real seçim edərək Azərbaycana güvəndi. Bu, bütün parametrlər üzrə düzgün strateji seçim idi.

Arye Qut “The Jerusalem Post” qəzetində dərc edilmiş analitik məqaləsində yazır: “Heç də təhlükəsiz olmayan geosiyasi regionda yerləşən iki kiçik dövlətin bu əməkdaşlığının böyük gələcəyi var. Bu isə, əlbəttə, həm İsrailə, həm də Azərbaycana dost münasibət bəsləməyən üçüncü ölkələri narahat edir. Belə ölkələr nəyin bahasına olur-olsun, Azərbaycanla İsrailin qarşılıqlı münasibətlərinə xələl gətirməyə çalışırlar. İsrail müsəlman ölkəsi olan Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirir. Biz müsəlman ölkəsi ilə əməkdaşlığın modeli olan bu münasibətləri qorumalı və inkişaf etdirməliyik ki, hər hansı antiisrail və antiazərbaycan qüvvələr onlara ziyan vura bilməsin”.

Müəllif qeyd edir ki, İsrail ilə Azərbaycan arasında qardaşcasına münasibətlərin möhkəm tarixi əsası var. O yazır:

“Nümunə kimi “Sadıqaşvili” ləqəbli azərbaycanlı kəşfiyyatçının (Həmzə Cümşüd oğlu Sadıqovun) qəhrəmanlığını göstərə bilərəm. Həmzə Sadıqov Stalinqrad ətrafında sovet hərbi kəşfiyyatının heyətində Hitlerin ən yaxın silahdaşı, xüsusi qəddarlığı ilə fərqlənən və yəhudiləri şəxsən məhv edən general İohann Fon Roddenburqu əsir götürüb. Hitlerin “bioloji bomba”sının atası adlandırılan, insan libaslı bir vəhşi olan Roddenburq həmin silahı məhz yəhudi uşaqları üzərində sınaqdan keçirirdi. Məhz yəhudi uşaqlarını xilas etmiş Həmzə Sadıqovun cəsurluğu və igidliyi sayəsində onlarca yəhudi ailəsi ölümün pəncəsindən qurtulub. Sadıqov özünün bu şücaəti və igidliyi ilə ona minnətdar olan nəsillərin ürəklərində özünə şücaət və ölməzlik abidəsi ucaldıb.

Azərbaycanda belə qəhrəmanlar çox olub, lakin Azərbaycan xalqının bir keyfiyyəti də təvazökarlıqdır, bu ölkədə görülmüş xeyirxah işlər barədə danışmağı xoşlamırlar. Ona görə də faşizmə qarşı mübarizə aparmış və yəhudi ailələrini xilas etmiş qəhrəman Sadıqovun adı dünyada o qədər də məlum deyil, Ermənistanda isə faşist və cəllad generallar Dronun və Njdenin şəxsiyyətinə pərəstiş təbliğ edilir”.

İsrailli ekspert vurğulayır ki, müasir Ermənistan ən monomilli ölkədir. Burada şovinizm, millətçilik, faşistlərin və antisemitlərin populyarlaşdırılması Sarkisyan rejiminin indiki dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. “The Jerusalem Post” qəzetində dərc edilmiş məqalənin müəllifi yazır:

“Vurğulamaq lazımdır ki, bu qaniçən faşistlərə və antisemitlərə pərəstiş bəzi marginal siyasi qruplaşmalar tərəfindən həyata keçirilmir, bu əməllərin arxasında Ermənistan dövləti, müasir Ermənistan Respublikasının cinayətkar rəhbərliyi dayanır. Faşist və antisemit general Qaregin Njdenin heykəlinin açılış mərasimində Ermənistan prezidenti Serj Sarkisyanın və keçmiş müdafiə naziri Seyran Ohanyanın iştirak etməsi faktı bir daha təsdiqləyir ki, onlar həqiqətən özlərini erməni faşist və antisemit Njdenin əsl varisləri hesab edirlər. Bütün bu faktlar sübut edir ki, XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində qanlı qırğın və soyqırımı aktı törədənlər - Ermənistanın indiki prezidenti Serj Sarkisyan və keçmiş müdafiə naziri Seyran Ohanyan erməni faşist generalları Dronun və Njdenin varisləridir.

Serj Sarkisyanın bu sözlərini xatırlamaq kifayətdir “Xocalı hadisələrinə qədər azərbaycanlılar elə hesab edirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi aradan qaldıra bildik”. Bu sözlər sübut edir ki, Serj Sarkisyan və onun Ermənistan hakimiyyətindəki bütün klanı həqiqətən Dronun və Njdenin əsl varisləridir. Xocalıda xüsusi amansızlıqla, ağlasığmaz qəddarlıq və barbarlıqla törədilmiş qanlı soyqırım aktı XX əsrin axırlarında baş vermiş ən dəhşətli faciələrdən biridir. Bu amansız qırığının qəddar səhnələri Azərbaycanın qəlbində sağalmaz yara kimi həmişəlik qalacaq.

İsrail Dövləti Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yalnız beynəlxalq hüquq normaları və dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində tənzimləməyə çağırır. Belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın ədalətli mövqeyinin Yaxın Şərqdə onun mühüm strateji tərəfdaşı olan İsrail dövləti tərəfindən dəstəklənməsi Azərbaycan Respublikası üçün son dərəcə zəruri və əhəmiyyətlidir.

Lakin israilli ekspertin sözlərinə görə, İsrail ilə Azərbaycan arasında, Azərbaycanda yaşayan müsəlmanlar və Azərbaycanda yaşayan yəhudilər arasında münasibətlər təkcə qarşılıqlı maraqlarla izah edilə bilməz. Müasir Azərbaycan-İsrail münasibətləri ümumi dəyərlərə və ortaq tarixə əsaslanır. İnsani əlaqələr, dini baxımdan dözümlülüklə fərqlənən müxtəlif cəmiyyətlərdə yaşamaq qətiyyəti hər iki ölkəni zənginləşdirir.

İsrailli ekspert Arye Qut “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsinin sonunda yazır: “Prezident İlham Əliyev dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa tərəfdar olmasına, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara hörmətlə yanaşmasına görə həm İsrail cəmiyyətinin, həm də dünyanın başqa dövlətlərindəki yəhudi icmasının əksər hissəsinin hörmətini qazanıb”.

1news.az

Paylaş:
877

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər