Parisdə erməni təxribatının qarşısı alınıb – FOTO
Bu gün Fransanın paytaxtı Parisdə başlayan Beynəlxalq Qastronomiya Festivalında Azərbaycan da təmsil olunur.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Sena çayı sahilində qurulmuş və üç gün davam edəcək tədbirdə 40 ölkə iştirak edir.
Beynəlxalq Qastronomiya Günlərində azərbaycanlıları təmsil edən Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi və Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva bildirib ki, tədbirə hazırlıq işləri zamanı ermənilər növbəti dəfə təxribata əl atıb.
Belə ki, şəhərcikdə qurulan Ermənistan çadırında bu ölkə ilə yanaşı, Dağlıq Qarabağdakı separatçı rejimin qondarma bayrağı da asılıb. Lakin Azərbaycan diaspor rəhbərinin məsələyə müdaxiləsindən sonra təxribatın qarşısı alınıb və sözügedən bayraq endirilib.
Qeyd edək ki, Beynəlxaql Qastronomiya Günlərində Paris sakinləri, o cümlədən dünyanın müxəlif bölgələrindən gəlmiş turistlər Azərbaycan çadırında zəngin mədəni irsimizdən nümunələrlə tanış ola biləcəklər. Tədbirdə Azərbaycan mətbəxindən isti yeməklər, şirniyyatlar, içkilər sərgilənəcək, onların dequstasiyası və satışı təşkil olunacaq.
Bununla yanaşı süfrə mədəniyyəti, tariximizi əks etdirən əl işləri, milli sənətkarlıq nümunələri, geyim və bəzək əşyaları nümayişi olunacaq və musiqilərimiz səsləndiriləcək.
Babək Cahandarov