Zakir Qaralov Rusiyada istintaq orqanlarına həsr olunmuş tədbirlərdə iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Qaralov Rusiyada istintaq orqanlarına həsr olunmuş tədbirlərdə iştirak edib

21:50 - 25 / 09 / 2017
Zakir Qaralov Rusiyada istintaq orqanlarına həsr olunmuş tədbirlərdə iştirak edib

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin dəvəti ilə 21-22 sentyabr 2017-ci il tarixlərdə Rusiya Federasiyası İstintaq Komitəsinin yaranmasının 10 illiyinə və Rusiya istintaq orqanlarının 300 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib.

1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, Rusiya Ordusunun Akademik teatrında keçirilən təntənəli mərasimdə Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin tədbir iştirakçılarına ünvanlanmış video müraciəti nümayiş etdirilib.

Mərasimdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin rəhbərliyi altında bütün sahələrdə köklü və əsaslı islahatların həyata keçirildiyini vurğulayaraq ölkələrimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə genişlənməsini məmnunluqla qeyd edib.

Azərbaycan Prokurorluğunun Rusiya Federasiyasının İstintaq Komitəsi ilə sıx əməkdaşlıq etdiyini bildirən Baş prokuror tərəflər arasında 2010 və 2015-ci illərdə müvafiq olaraq Əməkdaşlıq Proqramının və “Əməkdaşlıq haqqında saziş”in imzalanmasını diqqətə çatdırmışdır. Hər iki razılaşmanın  ölkələrimizin hüquq mühafizə orqanları üçün mühüm əhəmiyyət kəsb etdiyi, qarşılıqlı səmərəli münasibətlərin və hüquqi əməkdaşlığın inkişafına töhfə verdiyi bildirilib.

Mərasimdə Rusiyanın Azərbaycan ilə bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayan Aleksandr Bastrıkin rəhbərlik etdiyi qurumun ölkəmizin hüquq mühafizə orqanları ilə əməkdaşlığının möhkəmləndirilməsinə xüsusi önəm verdiyini, münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxış edərək Azərbaycan-Rusiya əlaqələrinin strateji xarakter daşıdığını, iqtisadi, humanitar və digər sahələrdə birgə layihələrin icra edildiyini, ölkələrimiz arasında əməkdaşlığın həm də regional səviyyədə intensiv inkişaf etdiyini bildirilib.

Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti Belarus və Qazaxıstanın nümayəndə heyətləri ilə işgüzar görüşlər keçirmiş, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

1news.az

 

Paylaş:
741

Son xəbərlər

Bütün xəbərlər