“Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın 35-ci olması ölkəmizin iqtisadi inkişafının bariz göstəricisidir | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın 35-ci olması ölkəmizin iqtisadi inkişafının bariz göstəricisidir

18:32 - 27 / 09 / 2017
“Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın 35-ci olması ölkəmizin iqtisadi inkişafının bariz göstəricisidir

Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqdə daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşması çox yaxşı göstəricidir. Bu, Azərbaycan iqtisadiyyatının yüksələn xətlə inkişaf etdiyinin bariz nümunəsidir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev qeyd edib.

Rüfət Quliyev bildirib ki, qonşu ölkələrin iqtisadi durumuna nəzər salsaq, onlarla müqayisədə Azərbaycanın bu sahədə xeyli irəliləyişə nail olduğunu görərik. İqtisadi tərəfdaşlarımızı da ötərək bu göstəricini əldə etmişik. Azərbaycan beynəlxalq aləmin ən mötəbər reytinqində dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Bu rəqabət iqtisadiyyat üçün böyük bir meyardır. Rəqabətin nəticəsi olaraq Azərbaycanın 35-ci yerdə qərarlaşması ölkəmizdə qeyri-neft sektorunun inkişafından xəbər verir.

Deputat qeyd edib ki, Azərbaycan bütün iqtisadi tədbirlərini Strateji Yol xəritələrinə uyğun olaraq həyata keçirir. Bu tədbirləri bir-birinə bağlayan iqtisadi kateqoriyalar mövcuddur. Bu müsbət hal onu göstərir ki, biz düzgün yoldayıq. Azərbaycanın qazandığı bu nailiyyət sosial-iqtisadi inkişafın davam etdiyini göstərir. Prezident İlham Əliyevin sistemli iqtisadi siyasət kursu öz müsbət nəticələrini verir. “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyinin irəliləməsi dövlətimizin başçısının apardığı kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir.

S.Xankişiyeva

Paylaş:
652

Son xəbərlər

Bütün xəbərlər