Bu gün Dünya Turizm Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Dünya Turizm Günüdür

12:35 - 27 / 09 / 2017
Bu gün Dünya Turizm Günüdür

Bu gün 27 Sentyabr – Dünya Turizm Günüdür.

1news.az-ın məlumatına görə, 1970-ci il sentyabrın 27-də Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) nizamnaməsi qəbul olunub. 1980-ci ildə təşkilat bu tarixin Dünya turizm günü (World Tourism Day) kimi qeyd olunması barədə qərar qəbul edib.

DTT hazırda dünya ölkələri arasında turizm sahəsi üzrə koordinasiyanı həyata keçirən, üzv dövlətlər arasında vahid statistik məlumat bazasının formalaşdırılması, turizmin bu və ya digər növünün inkişaf etdirilməsi və s. məsələlərlə bağlı tövsiyələr verən, BMT nəzdində ixtisaslaşmış təşkilatdır.

Azərbaycan bu təşkilata 2001-ci ildə üzv qəbul olunub. 27 sentyabr - Dünya turizm günü ölkəmizdə də hər il müxtəlif tədbirlərlə qeyd olunur. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı sərəncama əsasən, 27 sentyabr - Dünya turizm günü həmçinin Azərbaycanda turizm işçilərinin peşə bayramı günü elan edilib.

BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci ili “Beynəlxalq davamlı turizm ili” elan edib. İlin rəsmi açılış mərasimi isə bu ilin yanvarın 18-də İspaniyanın paytaxtı Madriddə keçirilib.

“Beynəlxalq davamlı turizm ili”ndə beş mühüm sahədə - hərtərəfli və dayanıqlı iqtisadi inkişaf; sosial cəlbedicilik, məşğulluq və yoxsulluğun azaldılması; təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi; mədəni dəyərlər, müxtəliflik və irs; qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərində turizmin rolu təşviq edilir.

Qurumun fəaliyyətində yaxından iştirak edən ölkəmiz 2013-cü ildən Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvüdür. 2017-ci ildə Azərbaycan Respublikası Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına sədrlik edir.

Qeyd edək ki, bu il Dünya Turizm Günü “Davamlı turizm inkişaf üçün alətdir” devizi altında keçirilir.

BMT-nin Dünya Turizm Təşkilatının (DTT) baş katibi Taleb Rifai bu əlamətdar günlə bağlı ictimaiyyətə müraciət edib. Müraciətdə turizmin kimya və yanacaq sənayesindən sonra ixracın həcminə görə üçüncü ən böyük sənaye sahəsi olduğu bildirilib.

Qeyd edilib ki, turizm bütün insanlarda ümid, münasibətlərdə qarşılıqlı anlaşma yaradır. Təkcə ötən il 1,235 milyon səyahətçi beynəlxalq sərhədləri keçib. 2030-cu ilədək bu rəqəm 1,8 milyard olacaq. Bu il qeyd edilən Dünya Turizm Gününün əsas məsələsi 1,8 milyard adamın turist kimi səyahətindən yaranacaq imkanların dayanıqlı inkişafın iqtisadi, sosial, ekoloji, mədəni və sülh istiqamətlərinə necə töhfə verə biləcəyini nəzərdən keçirməkdir.

BMT Baş Assambleyası 2017-ci ili “Beynəlxalq Davamlı Turizm İli” elan edib. Bu, bizə bəşəriyyət üçün daha yaxşı gələcəyə nail olmaq məqsədilə turizmin imkanlarından istifadə edilməsində qüvvələrimizi birləşdirməyə şərait yaradır. Vurğulanır ki, hər kəs səyahət edəcəyi ölkədə təbiətə, mədəniyyətə, yerli əhaliyə hörmətlə yanaşmağı unutmamalıdır.

Müraciətdə deyilir: “Siz arzu edilən cəmiyyətə nail olunmasında dünyanı dəyişdirməyə qadirsiniz. Siz daha yaxşı gələcəyin səfiri ola bilərsiniz. Səyahət edin, zövq alın və hörmət edin”.

Müraciətin tam mətnini DTT-nin saytında oxumaq mümkündür. Qeyd edək ki, DTT, həmçinin “Səyahət et. Zövq al. Hörmət et” kampaniyası keçirib. Kampaniyanın məqsədi turizm sektorunun müsbət dəyişikliklər katalizatoruna çevrilməsi işinə turistlərin cəlb edilməsidir.

Babək Cahandarov

Paylaş:
941

Son xəbərlər

Bütün xəbərlər