Vüqar Bayramov: Hesabat göstərir ki, Azərbaycan tək MDB-nin deyil, regionun ən rəqabətqabiliyyətli ölkəsidir
Dünya İqtisadi Forumunda Azərbaycanın mövqeyinin yaxşılaşmasını birmənalı şəkildə yüksək qiymətləndirmək lazımdır.
Bu barədə 1news.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı alim Vüqar Bayramov Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda reytinqində Azərbaycanın iki pillə yüksələrək 35-ci yerdə qərarlaşmasını şərh edərkən deyib:
“Hesabata əsasən Azərbaycan tək MDB məkanında deyil, ümumilikdə regionda lider dövlətdir, hətta qonşu Türkiyə və İranla müqayisədə də Azərbaycan daha rəqabətqabiliyyətli ölkədir. Bu isə ölkəmizdə investisiya mühitinin yaxşılaşmasından, eyni zamanda, ölkənin rəqabət qabiliyyətinin güclənməsindən xəbər verir.
Nəticə etibarilə Dünya İqtisadi Forumunun hesabatının özününü hesablanma metodologiyasına diqqət yetirsək görərik ki, orada elə istiqamətlər var ki, Azərbaycan ilk onluğa daxildir. Misal üçün, ölkəmiz biznesin qeydiyyatdan keçirilməsi üzrə dünyada üçüncü, tələb olunan zamana və proseduraların sayına görə isə altıncı sırada qərarlaşıb”.
V.Bayramov hesabatda Azərbaycanın mövqeyinin yaxşılaşmasının ölkə iqtisadiyyatının mövcud potensialının qiymətləndirilməsi baxımından da vacib olduğunu qeyd edib. O eyni zamanda bunun ölkə iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna xarici investisiyanın cəlb edilməsi üçün geniş imkanlar açdığını da vurğulayıb:
“Belə ki, rəqabət qabiliyyəti ölkənin əsas iqtisadi gücünü, potensialını göstərən göstəricilərdən biri olmaqla yanaşı ölkədə investisiya mühitinin səviyyəsindən xəbər verir. Bu baxımdan Azərbaycanın hesabatda mövqeyini yaxşılaşdırması ölkə iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna xarici investisiyanın cəlb edilməsi üçün geniş imkanlar açır. Adətən investorlar sərmayə qərarları verən zaman bu cür hesabatlarda ölkənin yerinə xüsusi diqqət yetirirlər.
Bütün bunları nəzərə alsaq demək olar ki, neftin qiymətinin dünya bazarında aşağı olduğu bir dövrdə hesabatda Azərbaycanın mövqeyinin yaxşılaşması təqdirəlayiq hal olmaqla yanaşı bu, həm də qeyri-neft sektorunda islahatların davam etdirilməsi və sürətləndirilməsi ilə bağlı bir növ stimul rolunu da oynayacaq”.
Babək Cahandarov