Elman Nəsirov: Azərbaycanı itirmək Avropa üçün Cənubi Qafqazı itirməyə bərabər olardı | 1news.az | Xəbərlər
Siyasət

Elman Nəsirov: Azərbaycanı itirmək Avropa üçün Cənubi Qafqazı itirməyə bərabər olardı

16:10 - 29 / 09 / 2017
Elman Nəsirov: Azərbaycanı itirmək Avropa üçün Cənubi Qafqazı itirməyə bərabər olardı

Avropanın başlıca siyasi qurumu olan Avropa Şurası (AŞ) getdikcə nüfuzunu itirməkdədir. Qurumda baş verən son hadisələr, xüsusən də bəzi ölkələrə, ocümlədən Azərbaycana qarşı ikili standartlara söykənən qərəzli kampaniyanın aparılması belə düşünməyə əsas verir. AŞ-nin ölkəmizə qarşı qərəzli münasibətinin sözügedən qurumun baş katibinin timsalında bir daha şahidi olduq.

Belə ki, AŞ-nin baş katibi Turbyern Yaqland Azərbaycan məhkəməsinin qərarına əsasən məhkum olunmuş, lakin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarına rəğmən “siyasi məhbus” kimi qələmə verilən və azadlığa buraxılması tələb olunan REAL təşkilatının rəhbəri İlqar Məmmədovu azadlığa buraxılmadığına görə Azərbaycana qarşı misli görünməmiş hüquqi hərəkət edilməsinə çağırıb. Sentyabrın 13-də Avropa Şurasına daxil ölkə səfirlərinin iclasında Yagland  Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsinin tətbiq olunmasını istəyib ki, bu son nəticədə ölkənin Avropa Şurasından çıxarılmasına gətirib çıxara bilər.

Bu, 2001-ci ildən Avropa Şurasının üzvü olan və təşkilat çərçivəsində səmərəli fəaliyyəti, bütün məsələlərə dair öz mövqeyi və rəyi ilə seçilən Azərbaycana qarşı ardıcıl  şəkildə həyata keçirilən kampaniyanın tərkib hissəsidir.

Heç kəsə sirr deyil ki, quruma üzv olduğu dövrdən Azərbaycan AŞ-da daim təzyiqlə, ikili standartlarla üzləşib.

Müxtəlif  dövrlərdə Andreas Qross, Andres Herkel, Kristofer Ştrasser və digər bu kimi xüsusi maraqlara xidmət edən məruzəçilərin anti-Azərbaycan fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həlli məsələsində nümayiş etdirilən ikili standartlar və laqeydlik, qurumdakı müxtəlif qruplar tərəfindən Azərbaycana qarşı aparılan çirkin gözdən salma kampaniyası və digər məsələlər bunun bariz nümunələridir.

20 ildən artıq müddətdir ki, işğal altında qalan Qarabağın azad edilməsi ilə bağlı heç bir ciddi iş görməyən AŞ nədənsə Ukraynada baş verənlərə dərhal reaksiya verdi və Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etdi.

Eyni zamanda son illər AŞPA islamofob meyllərin qalib gəldiyi, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasəti yürüdən bir quruma çevrilib. Türkiyəyə və Azərbaycana qarşı təzyiqləri buna nümunə kimi göstərə bilərik.

Təşkilatın həm də müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdən dairələrin mənafeyinə xidmət etdiyi artıq şübhə doğurmur.

Qeyd edək ki, Avropa təşkilatların hansı səbəbdən Azərbaycana qarşı hücumlar təşkil etməsinin səbəbləri çox aydındır.  Belə ki, Prezident İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına söykənən  müstəqil siyasəti bəzi Qərb dairələrində və o cümlədən AŞ-da qıcıq doğurur. Eyni zamanda Azərbaycan müsəlman ölkəsi olması, ölkəmizin dünyadakı nüfuzu və regionda gedən proseslərə təsiri, gücü, oynadığı rol AŞ-dakı anti-Azərbaycan və ermənipərəst dairələri ciddi narahat edir. Odur ki, əllərinə düşən və düşməyən hər bir fürsətdə Azərbaycana qarşı kampaniya aparmağa çalışırlar.

Necə ola bilər ki, 10 min qərarının icra olunmadığı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı bir qərarı ölkənin bu qurumdan kənarlaşdırılması proseduruna start verilməsinə səbəb olsun?

Aydın məsələdir ki, bu baş katib Yaqlandın həm bəzi Qərb dairələri, həm də region ölkələrindən aldığı sifarişin nəticəsidir. Ümumiyyətlə, Yaqland Azərbaycana  qarşı qərəzli mövqeyi ilə seçilən, sifarişlə müstəqil ölkələri hədəfə götürməyi sanksiyalaşdıran bir şəxsdir.

Ümumiyyətlə, 2001-ci ildə Avropa Şurasının sıralarına daxil olan Azərbaycan 16 illik üzvlük dövründə nə əldə edib? Hətta beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar?

Əminliklə demək olar ki, Avropa dairələrinin həyata keçirdiyi siyasət Ermənistanın işğalçılığına bəraət qazandırmaq, Dağlıq Qarabağın işğalını rəsmiləşdirmək və onu Azərbaycandan uzaqlaşdırmaq məqsədi gudub.

Avropa Şurasına üzvlük, Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşib.

Bu gün İslam dünyasına qarşı aqressiv mövqe nümayiş etdirən, islamofobiya meyllərinin gücləndiyi Avropa Azərbaycana, Türkiyəyə və digər müsəlman ölkələrinə yaxşı nə vəd edə bilər?!

Buna görə də Azərbaycan inteqrasiya meyllərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir.

Azərbaycan region ölkələri, İslam dünyası, Şərqlə əlaqələrini daha da genişləndirməli, onların böyük potensialından yararlanmalı, öz milli dövlətçiliyini daha da gücləndirməlidirlər.

Məsələ ilə bağlı fikirlərini bölüşən millət vəkili Elman Nəsirov da son zamanlar Avropa Şurası rəhbərliyi səviyyəsində Azərbaycana münasibətdə qərəzli bəyanatların, qərəzli yanaşmaların şahidi olunduğunu söyləyib:

“Xüsusilə də qurumun baş katibi Turbyern Yaqlandın sentyabrın 13-də AŞ-yə daxil olan ölkələrin səfirləri ilə görüşündə Azərbaycan Əleyhinə fikirlər səsləndirib və və bildirib ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin REAL hərəkatının rəbəri İlqar Məmmədovun həbsdən azad olunması ilə bağlı qərarını icra etmir. O hətta buna görə Azərbaycanın AŞ-dən çıxarılması məsələsini gündəmə gəlməsini mükün hesab edib.

Bu yanaşma son dərəcə qərəzli yanaşmadır. Təsəvvür edin ki, konkret hansısa cinayət əməlinə görə həbsxanaya düşən bir adamın həbsdən azad edilməsinə çağırış var. Eyni zamanda bu çağırışa əməl edilməyəcəyi təqdirdə Azərbaycanın qurumdan çıxarılması ilə bağlı hədə dolu fikirlər səsləndirilir. Bunlar onu göstərir ki, Yaqlandın timsalında bu gün AŞ-da və Avropanın digər müəyyən siyasi dairələrində anti-Azərbaycan qüvvələr yenidən əl-ayağa düşüblər və yenidən öz fəaliyyətlərini genişləndirməyə başlayıblar”.

Bunun bir neçə səbəbinin olduğunu deyən millət vəkili bildirib ki, əsas səbəblərindən biri onunla bağlıdır ki, Azərbaycan dövləti, onun Prezidenti İlham Əliyev ayrı-ayrı beynəlxalq təşkilatların, böyük dövlətlərin, o cümlədən AŞ-nin diqtəsi ilə deyil, yalnız və yalnız Azərbaycan xalqının milli maraqlarına söykənən müstəqil daxili və xarici siyasət həyata keçirir. Yaqland kimi insanları və onların tərəfdarlarını isə Azərbaycanın belə milli mənafeyə söykənən müstəqil siyasəti qane etmir:

“İkinci səbəb onunla bağlıdır ki, bu gün Avropada çox qorxulu tendensiya müşahidə edilməkdədir. Bu gün Avropada İslamafob, faşist və ksenofob qüvvələr getdikcə daha çox hakimiyyətə gəlmək iddialarını ortaya qoyurlar. Son zamanlar Almaniyada baş verən siyasi proseslər buna bariz nümunədir. Eyni zamanda AŞ-nin özündə də oxşar tendensiyalar baş almaqdadır. Bu gün AŞ-da da daha çox irqçi, sağ mərkəzçi və radikal qüvvələrin mövqeyi getdikcə güclənməkdədir. Yaqlandın da bəyanatı həmin qüvvələrin səsləndirdikləri fikirlərlə tam eyniyyət təşkil edir.

İslamafob qüvvələr heç bir halda həzm edə bilmirlər ki, elə də böyük olmayan Azərbaycan sürətlə inkişaf edir və dünyada nüfuzu getdikcə artmaqdadır. Buna görə də onlar zaman-zaman ölkəmizi hədəf alırlar.

Belə olan halda sual yaranır: nə üçün bir nəfərə görə Azərbaycanı AŞ-dan çıxartmaqla hədələyirsiniz, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün Ermənistan tərəfindən hüquqlarının kobud şəkildə pozulmasına göz yumursunuz? Belə çıxır ki, bir nəfər onlar üçün daha çox əhəmiyyət kəsb edir, milyondan artıq insan isə sadəcə statistikadır. Onlar yaxşı bilirlər ki, iki nəfər soydaşımız bu gün də Ermənistanda girov kimi saxlanılır, onların başların min cür müsibət gətirirlər. Amma onların hüquqlarının müdafiəsi ilə bağlı AŞ-da heç kimin səsi belə çıxmır, eyni zamanda Yaqlandın özü də müammalı bir sükut nümayiş etdirir.

Təbii ki, xalqımız, insanlarımız bu suallara cavab axtarırlar və cavab da tapa bilmirlər. Əslində bu sualların cavabı var və cənab Prezident İlham Əliyev BMT Baş Məclisinin son sessiyasında verdi. Bütün bu məsələləri qeyd etdi və bildirdi ki, bunun adına ikili standart deyirlər. Amma el dilində buna ikiüzlülük deyirlər. Çox təəssüf ki, bu gün AŞ rəhbərliyində bu cür ikiüzlülük nümayiş etdirən insanlar çox yüksək vəzifələr tutublar və ədalətsiz qərarlar qəbul edirlər”.

E.Nəsirov “Azərbaycan üçün AŞ daha əhəmiyyətlidir, yoxsa əksinə, AŞ üçün Azərbaycan?” sualı ilə bağlı da fikirlərini bölüşüb. Qeyd edib ki, 2001-ci ildə ölkəmiz AŞ-yə daxil olarkən güman edirdik ki, bu qurum hüquqları pozulmuş bir milyondan artıq qaçqın və məcburi köçkünlərimizin taleyi ilə bağlı ədalətli qərar qəbul edəcək, Ermənistana qarşı müəyyən təzyiq və təsir rıçaqları yaradacaq, ədalətin bərpası və işğalçının cəzalandırılması ilə bağlı konkret addımlar atacaq:

“Amma nəinki bunun şahidi olmadıq, əksinə, ərazisi təcavüzə məruz qalan, bir milyondan artıq qaçqın və məcburi köçkünlərə sahiblik etmiş Azərbaycana qarşı ikili ssandartlara söykənən təzyiqlər və təsir mexanizmləri işə salındı. Hətta ölkəmizi təşkilatdan çıxarmaqla belə hədələyirlər. Belə olan təqdirdə bu qədər ədalətsiz bir mövqe nümayiş etdirən bir təşkilatda qalmaq nə dərəcə düzgündür? AŞ bizə qiymət vermirsə, bizə qarşı haqsız təzyiq edirsə və biz ona lazım deyiliksə, onda AŞ bizə heç dünəndən lazım deyil. Bundan isə daha çox itirən biz yox Avropa olacaq.

Azərbaycan çox mühüm geostrateji əhəmiyyətli bir coğrafi regionda yerləşməklə regionun lider dövlətidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox önəmli rol oynayır. Avropa üçün yeganə alternativ enerji mənbəyidir. Cənub Qaz Dəhlizi kimi bir çox qlobal layihələr məhz Azərbaycanın təşəbbüsü ilə reallaşır. Belə olan təqdirdə beynəlxalq sülhə və təhlükəsizliyə böyük töhfələr verən bir dövlətəqarşı belə ədalətsiz yanaşma təbii ki, xalqımızı hiddətləndirir, insanlarımızı narazı salır və eyni zamanda bu AŞ-nin imicinə çox ciddi zərbə endirir, hətta deyərdim ki, bu gün Azərbaycanı itirmək AŞ üçün Cənubi Qafqazı itirməyə bərabər olardı”.

Babək Cahandarov

Paylaş:
616

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər