Britaniya səfiri Lənkəranla tanış olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Britaniya səfiri Lənkəranla tanış olub

20:38 - 29 / 09 / 2017
Britaniya səfiri Lənkəranla tanış olub

Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts cənub bölgəsinə səfəri sentyabrın 29-da Lənkərana gəlib.

1news.az xəbər verir ki, regionla tanışlıq məqsədi daşıyan səfər zamanı britaniyalı diplomat Lənkəran Şşəhər İcra Hakimiyyətində, Lənkəran Dövlət Universitetində (LDU) və Lənkəran Konserv Zavodunda olub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qonağa rayonun tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni inkişafı barədə məlumat verib.

Karol Krofts rayonda ingilis dilinin geniş tədris olunmasından və əhali tərəfindən həvəslə öyrənilməsindən məmnunluğunu bildirib.

Lənkəran Dövlət Universitetinin (LDU) müəllim və tələbələri ilə keçirilən görüşdə britaniyalı diplomata ali təhsil ocağında tədrisin səviyyəsini yüksəltmək istiqamətində aparılan islahatlar, kadr hazırlığının təkmilləşdirilməsi sahəsində dünya təcrübəsinin tətbiqi barədə məlumat verilib.

LDU-da fəaliyyət göstərən xarici dil kafedrasının işindən danışan rektor Natiq İbrahimov ingilis dilinin öyrədilməsi istiqamətində səmərəliliyi artırmaq, keyfiyyəti yüksəltmək məqsədi ilə səfirliyin xətti ilə dil kurslarının açılmasına ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Görüşdə Böyük Britaniyanın ali təhsil müəssisələri ilə qarşılıqlı elmi əməkdaşlıq, tələbə-müəllim mübadiləsi məsələləri müzakirə edilib, LDU-da müxtəlif ixtisaslarda təhsil alan tələbələrin Britaniyanın nüfuzlu təhsil ocaqlarında mübadilə proqramlarında iştiraklarının səmərəli ola biləcəyi vurğulanıb.

Səfir bununla bağlı təmsil etdiyi ölkənin aidiyyəti qurumlarını məlumatlandıracağını deyib, məsələnin həllinə yardımçı olacağını bildirib.

Sonra britaniyalı diplomat tələbələri maraqlandıran sualları cavablandırıb.

Universitetdəki görüşün onda xoş hisslər oyatdığını, tələbələrin hazırlıq səviyyəsindən, səmimi diskussiyadan razı qaldığını vurğulayan xanım Karol Krofts, cənub bölgəsinin təbiətinə, qonaqpərvərliyinə məftun olduğunu qeyd edib.

Daha sonra qonaq Lənkəran Konserv Zavodunda olub.

 1news.az 

 

 

 

Paylaş:
530

Son xəbərlər

Bütün xəbərlər