Ordudan tərxis olunan hərbi qulluqçuların yola salınması mərasimi keçirilib – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq Sərəncamının icrası Silahlı Qüvvələrdə davam etdirilir.
1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, bu münasibətlə “N” saylı hərbi hissədə ordudan tərxis olunan hərbi qulluqçular üçün “Xidmətinə görə sağ ol, əsgər!” adlı yolasalma mərasimi keçirilib.
Hərbi hissənin zabiti, polkovnik-leytenant Rasim Manafov komandanlığın təbrik-müraciətini hərbi qulluqçulara çatdırıb. O, hərbi xidməti uğurla başa vurmuş gənclərə səmimi arzularını bildirərək, xidmətə yeni başlayan əsgərlərə uğurlar diləyib.
Tədbirdə ehtiyata buraxılan əsgərlərin xidmətdə əldə etdikləri nailiyyətlərdən söhbət açılıb. Sonra döyüş növbəsinin rəmzi təhvili mərasimi həyata keçirilib. Ehtiyata buraxılan əsgər silahını, dəmir dəbilqəsini və zirehli gödəkçəsini onu əvəz edəcək gənc əsgərə təqdim edib.
Gənc əsgər silahdaşları adından danışaraq, özündən əvvəlki döyüşçülərin ənənələrini davam etdirəcəklərinə, işğal altındakı torpaqlarımızın tezliklə Ali Baş Komandanımızın rəhbərliyi ilə azad olunması üçün Vətənə şərəflə xidmət edəcəklərinə and içib.
Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya fəxri fərmanlar təqdim olunub.
Sonra “Vətən Uğrunda!” Səyyar Təbliğat Dəstəsinin iştirakı ilə konsert proqramı təşkil edilib.
S.Xankişiyeva