“The Washington Times”: Azərbaycan - dini tolerantlıq diyarı
“The Washington Times” qəzetində “Azərbaycan - dini tolerantlıq diyarı” sərlövhəli məqalə dərc edilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, məqalədə Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının mətbuat katibi Konstantin Atanın, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin və Bəhai dini icmasından Ramazan Əsgərlinin fikirləri yer alıb.
Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının mətbuat katibi Konstantin Ata deyib ki, Azərbaycanda müxtəlif xalqların, fərqli etnik qrupların nümayəndələri tarix boyu birgə sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycan xalqı digər millətlərin nümayəndələrinə sevgi, mehribanlıq aşılayır. Azərbaycanda tarix boyu heç vaxt xristianlar, yəhudilər və müsəlmanlar arasında münaqişə olmayıb. “Bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm və tolerantlıq siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda fikir azadlığı, din azadlığı mövcuddur”, - deyə Konstantin Ata əlavə edib.
Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev deyib: “Mən hər zaman yəhudilərə deyirəm ki, əgər sizin yaşamağa yeriniz yoxdursa, o zaman Azərbaycana gəlin. Biz Azərbaycanda iki min ildir ki, yaşayırıq və bundan sonra da yaşayacağıq. Biz Azərbaycanda müxtəlif dini və etnik qrupların nümayəndələri ilə sülh şəraitində yaşayırıq. Azərbaycan hökuməti bizim dilimizi və dinimizi qorumaq üçün hər cür şərait yaradıb. Biz Azərbaycan Konstitusiyasında qeyd edilmiş bütün hüquqlardan və üstünlüklərdən faydalanırıq. Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın hər bir vətəndaşının prezidenti olduğunu vurğulayır. Biz bu bəyanatın real həyatda şahidiyik”.
Bəhai dini icmasından Ramazan Əsgərli qeyd edib ki, Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan tarix boyu öz mədəniyyətini inkişaf etdirib. “Azərbaycan xalqı digər mədəniyyətlərə və millətlərə münasibətdə tolerantlıq, mehribanlıq nümayiş etdirir. Azərbaycan hökuməti bu mədəniyyəti qorumaq üçün geniş şərait yaradıb və multikulturalizmi dövlət siyasəti kimi qəbul edib. Bəhai yazılarında azərbaycanlılar zəngin və qədim mədəniyyəti olan sülhsevər insanlar kimi təsvir edilirlər. Bəhai dini icmasından olanlar bu əlverişli şəraitdən yararlanır və cəmiyyətimizin inkişafına töhfələrini verirlər. Bizim inancımızı yerinə yetirməyə şərait yaratdığına görə Azərbaycan hökumətinə minnətdarıq”, - deyə R.Əsgərli əlavə edib.
Babək Cahandarov